Xəbər verildiyi kimi, avqustun 23-də Daşkənddə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin iştirakı ilə Azərbaycan-Özbəkistan Ali Dövlətlərarası Şuranın birinci iclası keçirilib.  İclasdan sonra Azərbaycan-Özbəkistan sənədlərinin imzalanması mərasimi olub.

Prezidentlər İlham Əliyev və Şavkat Mirziyoyev “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə”ni imzalayıblar. Dövlət başçıları mətbuata bəyanatlarında müttəfiqlik müqaviləsinin həm iki dövlətin gələcək münasibətləri, həm də regional siyasət baxımından əhəmiyyətini vurğulayıblar.

Bu gün Azərbaycan və Özbəkistan rəsmən müttəfiq oldular.

Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev özbəkistanlı həmkarı Şavkat Mirziyoyevlə mətbuata bəyanatında bildirib.

Dövlətimizin başçısı vurğulayıb: “Bu gün biz rəsmən müttəfiqlər olduq. Əslində, razı olardım ki, bu, tarixi məqamdır. Müttəfiqlik münasibətlərinə dair müqavilə iki ölkənin imzalaya biləcəyi ali səviyyədə beynəlxalq sənəddir. Biz bu gün Daşkənddə həqiqətən də münasibətlərimizin yeni fəslini deyil, kitabını yazırıq. Bu gün iki qardaş xalq, iki müstəqil, güclü, suveren, nüfuzlu dövlət rəsmi müttəfiq oldu. Bu, çox mühüm xarici siyasət addımıdır və gələcək illərdə münasibətlərimizi, həmçinin bir çox hallarda regional siyasəti müəyyən edəcək”.

***

Özbəkistanın müttəfiqlik münasibətləri saxladığı ölkələrin sayı çox azdır, amma indiyədək heç bir ölkə ilə bu cür qısa müddətdə belə müqavilə imzalanmayıb.

Bu sözləri Özbəkistan Prezidenti Şavkat Mirziyoyev azərbaycanlı həmkarı İlham Əliyevlə mətbuata bəyanatında söyləyib.

Özbəkistanın dövlət başçısı qeyd edib: “Biz bu gün tarix yazdıq. Bu tarix öz təcəssümünü Azərbaycan və Özbəkistan xalqlarının rifahında tapacaq”.