Nizami Kino Mərkəzində Qərbi Azərbaycanın ustad aşıqlarının yaradıcılığından bəhs edən konsert keçirilib.
Konsert “Dədə Ələsgər Ocağı” İctimai Birliyinin “Aşıq Ələsgər irsinin tanıdılması” adlı layihəsi çərçivəsində təşkil olunub.
Konsertdə saz-söz həvəskarları, ziyalılar, mədəniyyət xadimləri, QHT və media nümayəndələri iştirak ediblər.
Konsertdən əvvəl İctimai Birliyin sədri Xətai Ələsgərli çıxış edərək deyib ki, aşıq sənəti Azərbaycanın milli kimliyinin qorunub saxlanılmasında öz dəst-xətti olan xalq sənətidir. Dünya aşıq sənətini Azərbaycan mədəniyyətinin bir parçası olaraq qəbul edir: “Qərbi Azərbaycanda da çox sevilən və ölkəmizin ustad aşıqlarının əksəriyyətinin Vətəni olan bu bölgənin saz-söz ustadlarının təbliğ olunması xalqımızın Qərbi Azərbaycana olan münasibətinin bir ifadə formasıdır”.
Onun sözlərinə görə, layihənin əsas məqsədi Azərbaycan aşıq sənətini Qərbi Azərbaycan aşıqlarının timsalında xalq arasında xüsusilə də yeniyetmə və gənclər arasında təbliğ etməkdir. “Azərbaycan saz-söz sənəti hazırda da öz bədii təsir gücünü itirməyib, bu günün mədəni inkişaf prosesində onun da öz yeri var. Əgər ənənəvi havacat ancaq yarandığı bölgələrdə səslənirdisə və həmin bölgələr xaricində aşıq sənətini ancaq səfərə çıxmış ayrı-ayrı aşıqlar təbliğ edirdilərsə, bu gün artıq bu qapalılığa son qoyulub. Saz-söz sənəti müstəqil dövlət şəraitində vahid Azərbaycan milli mədəniyyətinin tamhüquqlu tərkib hissəsidir. Saz-söz ocağı olan tarixi-etnoqrafik bölgələrə və sənəti yaşadan ustad aşıqlara diqqət və qayğı, bədii-şifahi ənənələri qoruyub-yaşatmaq hər birimizin şərəfli borcudur”,- deyə İctimai Birliyin sədri vurğulayıb.
Sonra söz aşıqlara verilib. Onlar Aşıq Ələsgərin, Aşıq Alının sözlərini müxtəlif aşıq havaları üstündə oxuyublar.
“Aşıq Ələsgər irsinin tanıdılması” adlı layihə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən maliyyələşdirilir.