Türk Ağsaqqalları İctimai Birliyi – TAİB-in mərkəzi ofisində Milli Qəhrəman, Birinci Qarabağ müharibəsi şəhidi İsgəndər Aznaurovun doğum günü münasibətilə tədbir keçirilib.

İctimai Birlikdən bildirilib ki, tədbirdə TAİB-in İdarə Heyəti və Gənclər Təşkilatının üzvləri, ziyalılar iştirak ediblər.

TAİB-in sədr müavini Eyvaz Hümbətov bildirib ki, təşkilat tərəfindən vətənimizin azadlığı uğrunda canlarını əsirgəməyən igid oğulları yad etmək ənənə halını alıb. Qeyd edib ki, bu dəfə də ənənəyə sadiq qalaraq Milli Qəhrəman İsgəndər Aznaurov doğum günü ərəfəsində yad edilir. “Topçu İsgəndər” ləqəbi ilə tanınan igid, sərrast atəşi ilə düşmənin hərbi sursat məntəqələrini dağıdıb, onlarla canlı qüvvəsini zərərsizləşdirib.

Milli Qəhrəmanın həyat yoldaşı Gülxanım Aznaurova əslən Axıska türkü olan, hələ sağlığında bir topçu zabit olaraq əfsanələşmiş İsgəndər Aznaurovun həyat və döyüş yolundan bəhs edərək, onu gənclərə örnək olaraq xarakterizə edib. Dövlətimizin göstərdiyi qayğıdan da danışan G.Aznaurova Prezident İlham Əliyevin Milli qəhrəmanlara və onların ailələrinə göstərdiyi diqqəti də xüsusi vurğulayıb.

Tədbirdə digər çıxış edənlər İsgəndər Aznaurovun Gədəbəydə Başkəndin işğaldan azad olunmasında önəmli rol oynadığını bildiriblər. Qeyd edilib ki, onun Birinci Qarabağ müharibəsində topçu olaraq göstərdiyi qəhrəmanlıqları dillərdə dastandır.

Qeyd edilib ki, Ulu Öndər Heydər Əliyevin 1995-ci il 15 yanvar tarixli Fərmanı ilə baş leytenant Aznaurov İsgəndər Söhrab oğlu ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adına layiq görülüb.