AMEA Arxeologiya və Antropologiya İnstitutunun direktoru dosent Fərhad Quliyev və Monitorinq qrupunun üzvü professor Hidayət Cəfərov dosent Müzəffər Hüseynovun rəhbərliyi ilə Naftalan şəhəri yaxınlığında yerləşən çoxtəbəqəli Qalaboynu tarixi abidəsində aparılan çöl tədqiqatlarının gedişi ilə yerində tanış olublar.

İnstitutdan bildirilib ki, abidənin yerləşdiyi təpənin hündürlüyü 10 metrdən, sahəsi 3 hektardan artıqdır. Yaşayış yeri 2020-ci ildə Müzəffər Hüseynov tərəfindən qeydə alınıb və ilkin arxeoloji tədqiqatlar aparılıb. Bu il avqustun 1-dən aparılan tədqiqatlar zamanı buradan möhtəşəm quruluşlu, böyük ölçülü çiy kərpicdən inşa edilmiş binanın divar qalıqları aşkarlanıb. Bina divarının eni 1.80-1.90 santimetrdir. Divarın tikintisində 37x37 santimetr ölçüdə, 9-10 santimetr qalınlıqda, tərkibinə xırda doğranmış saman qalıqları qatılmış çiy kərpiclərdən istifadə edilib. Kərpic divar qalıqları ilə yanaşı, binanın daxilində ağ rəngli, möhkəm tərkibli daşlardan ibarət lövhələr də aşkar edilib. Qalınlığı 15-30 santimetr olan daşların kənarları səliqə ilə yonulub. Belə kərpic divarlara və daşlara Şəmkir rayonunun Qaracəmirli kəndi ərazisində vaxtilə İlyas Babayev tərəfindən tədqiq edilmiş Əhəmənilər dövrünə aid saray kompleksində rast gəlinib. Qaracəmirlidə belə daşlardan sütun altlığı kimi istifadə olunub. Abidədən aşkar edilmiş divar qalıqları, sütun altlıqları və saxsı məmulatına əsasən buranın Əhəmənilər dövrünə aid saray kompleksi olmasını söyləmək mümkündür.

Qalaboynu yaşayış yeri sayca bu tip 3-cü abidədir. Bu ərazidə orta əsrlərdə qısamüddətli yaşayış olub. Orta əsrlərə aid təsərrüfat quyuları, ocaq yerləri abidənin divarlarını zədələyib. Aşkar edilən tapıntılar böyük marağa səbəb olub.

İnstitutun direktoru Fərhad Quliyev və professor Hidayət Cəfərov aparılan işlərlə bağlı təklif və tövsiyələr verərək burada tədqiqatların daha geniş müstəvidə davam etdirilməsinin vacibliyini bildiriblər. Şəmkir Qaracəmirli arxeoloji ekspedisiyasının alman və Azərbaycan arxeoloqlarından ibarət üzvləri abidənin Qaracəmirli saray kompleksi ilə oxşar olduğunu deyiblər.

Belə bir abidənin Naftalan şəhəri ərazisində aşkar edilməsinin əhəmiyyəti və gələcəkdə buranın böyük turizm marşrutu kimi fəaliyyət göstərə biləcəyi vurğulanıb.

Abidədə tədqiqatların davam etdirilməsi qərara alınıb.