AMEA Arxeologiya və Antropologiya İnstitutunun direktoru dosent Fərhad Quliyev və monitorinq qrupunun üzvü professor Hidayət Cəfərov Naftalan şəhəri yaxınlığında yerləşən çoxtəbəqəli Qalaboynu tarixi abidəsində çöl tədqiqatlarının gedişi ilə yerində tanış olublar. Tədqiqat dosent Müzəffər Hüseynovun rəhbərliyi ilə aparılır.

İnstitutdan bildirilib ki, qədim yaşayış yeri 2020-ci ildə M.Hüseynov tərəfindən qeydə alınıb və ilkin arxeoloji tədqiqatlar aparılıb. Bu il avqustun 1-dən aparılan tədqiqatlar zamanı burada böyük ölçülü çiy kərpicdən inşa edilmiş binanın divar qalıqları aşkarlanıb. Bina divarının eni 1.80-1.90 santimetrdir. Qalınlığı 15-30 santimetr olan daşların kənarları səliqə ilə yonulub. Belə kərpic divarlara və daşlara Şəmkir rayonunun Qaracəmirli kəndi ərazisində vaxtilə İlyas Babayev tərəfindən tədqiq edilmiş Əhəmənilər dövrünə aid saray kompleksində rast gəlinib. Abidədən aşkar edilmiş divar qalıqları, sütun altlıqları və saxsı məmulatına əsasən buranın Əhəmənilər dövrünə aid saray kompleksi olmasını söyləmək mümkündür. Qalaboynu yaşayış yeri sayca bu tip 3-cü abidədir. Orta əsrlərdə bu ərazidə qısamüddətli yaşayış olub.

Əraziyə baxış zamanı tədqiqatların daha geniş müstəvidə davam etdirilməsinin vacibliyi qeyd olunub. Şəmkir Qaracəmirli arxeoloji ekspedisiyasının alman və Azərbaycan arxeoloqlarından ibarət üzvləri abidənin Qaracəmirli saray kompleksi ilə oxşar olduğunu deyiblər.

Arxeoloji abidənin Naftalan şəhəri ərazisində aşkar edilməsinin əhəmiyyəti və gələcəkdə buranın turizm marşrutu kimi fəaliyyət göstərə biləcəyi vurğulanıb.