Otuz ilin teatr kostyumçusu ilə söhbət

 

Akademik Musiqili Teatrdayam. Nəzarətçiyə gəliş məqsədimi deyəndə yolu göstərdi. Liftlə dediyi mərtəbəyə qalxıb, uzun və yarıqaranlıq dəhlizlə irəlilədikcə xoş bir ətir mənə “bələdçi”lik etdi. Bir-iki addım atıb “Kostyum sexi” sözləri yazılmış iri qapının önündə dayandım. Qapını astadan döydüm. İçəridən bir neçə səs birdən “buyurun, gəlin” deyəndə sevindim. Lap mən deyən ortamdır: qadınlar məclisi...

Aynişan Məmmədova. Tanış olun, təzə qəhrəmanımdır. 62 yaşı var. Akademik Musiqili Teatrın kostyum sexinin rəisidir. 30 ildir burada çalışır. Ondan əvvəl makinaçı olub, bu teatra kostyumçu kimi gəlib. Elə o vaxtdan da illərini say-hesabını itirdiyi, amma yer-yurdunu, dolablardakı sıralamasını dəqiqliklə bildiyi paltarlar arasında keçirir.

Öncə bu sehrli aləmin onda yaratmış olduğu təəssüratı soruşdum. Üzündə qəribə, kövrək ifadə yarandı. Mənə elə gəldi ki, məcburi gülümsədi:

– Mənə teatr sahəsi həmişə maraqlı gəlirdi. Televiziyada tamaşalara baxandan sonra da o aləmdən qopa bilmirdim. Aktyorların həyatı, düşüncələri barədə xəyallar qururdum. Mənə görə, onlar çox fərqli, nağılvari bir həyat yaşayırdılar. Amma gəlib gördükdən sonra anladım ki, yanılmışam. Bizi güldürən, xoş anlara, fərqli duyğulara kökləyən adamların hər birinin dərdi-qayğısı, acılı-şirinli ömrü var. Mən diqqətli tamaşaçıyam həm də. Özü də bu teatra hələ 80-ci illərdən vurğunam. Əksər tamaşalarına baxdığımdan aktyor heyətinin çoxuna bələd idim. Bu maraq, bələdçilik və ən əsası da, kollektiv ilə dil tapmağım məni bura bağladı. Doğrudan da, teatr sehrli aləmdir. Adam ondan ayrıla bilmir. Baxın, məzuniyyət vaxtı hamı necə darıxır, necə qəribsəyir. Mövsüm açılan kimi də yaşlıdan gəncə hər kəsin çöhrəsində qəribə bir parıltı, gözlərində işıq şölələnir. Məncə, bu işıq teatrın özüdür. Bura mənim üçün hələ də sehrlidir, hələ də maraqlıdır.

 

– Aynişan xanım, milli səhnəmizin bir çox populyar sənətçilərinin olduğu teatrda çalışırsınız. Ulduzların naz-qəmzəsi, tələb-təklifi də çox olur. Bundan yorulmursunuz?

– Heç vaxt yorulmuram. Sadəcə, onu bilirəm ki, kimliyindən, xasiyyətindən asılı olmayaraq hər birini tamaşa, səhnə ovqatından ayırmamaq üçün nazlarına dözməliyik. Çünki onların fikri-zikri qalır səhnədə, oyunda, mizanda. Nəzərə alaq ki, aktyor səhnəyə çıxırsa, bütün qəlbi, ağlı ilə oradadır. Ani yayınma, hansısa texniki narahatlıq, sözsüz ki, əngəl ola bilər. Digər tərəfdən, istər mən, istər gördüyünüz bu xanımlar illərdir bir yerdə çalışdığımızdan həm bir-birimizin, həm də aktyorların, necə deyərlər, dilini tutmuşuq, hal-xasiyyətlərinə də yaxşı bələdik.

 

– Yəqin ən sadə və ən mürəkkəbini, yaxud öz aranızda, ulduz xəstəsindən sadəlik nümunəsinə bölgüsünü də etmisiniz...

– Məni provokasiyaya çəkməyin (gülürük).

Qısa dialoqdan sonra bizə diqqət kəsilən xanımlar öz aralarında işarə dili ilə kimlərisə qeydə çalışsalar da, rəisləri allanmış yanaqlarının çəkilməsi ilə bir az da qıyılan gözləriylə onlara “yeri deyil” işarəsi verib söhbəti ustalıqla dəyişir.

Mən də bu “məsləhət”ə asanlıqla uyuram. Daha doğrusu, uyduğumu göstərirəm.

Ondan səhnə, sənət adamlarının iş prosesindəki özəl istəklərini xəbər alıram. Bir də illər əvvəlki səhnə insanları ilə yeni nəslin müqayisəsini soruşuram.

Köks ötürdü, artıq dünyasını dəyişmiş bir neçə səhnə xadimimizi sevgi ilə xatırladı:

– Ofeliya Aslanla səmimi münasibətimiz vardı. Son olaraq “Bankir adaxlı” tamaşasında oynadı. Rəhmətlik Xanım Qafarova ilə uzun müddət işləmişəm. Gözəl insan idi. Sakit təbiəti vardı. Səhnəyə çıxanda da, həyatda da çox sadə, nəzakətli idi. İstər onun, istərsə də Ofeliya xanımın ölümü ilə hələ də barışa bilmirəm. Sarsıntım uzun müddət keçmədi.

Sonra Hacıbaba Bağırovun, Xanım Qafarovanın, eləcə də dünyasını dəyişmiş bir neçə aktyorun geyimlərini göstərdi. Onları xatirə kimi, dəyərli eksponat kimi saxladıqlarını dedi.

X.Qafarovanın paltarlarına əl çəkərək “Geyimlər sahibinin energetikasını özündə saxlayır. Nə bilim, mən də bu hiss ilə yanaşıram onun geyimlərinə. Onu çox istəmişəm. Məncə, elə o da məni” deməsi mənim də duyğularıma sığal çəkdi.

Bir müddət susdu. Kövrəldi. Yaşaran gözləri məni sualın peşmançılığına aparmamış tez sözü dəyişdim.

 

– İndi də adamları geyiminə görə qarşılayıb, ağlına görə yola salırlar?

– Geyimi göstərici saymaq indi lap çətindir. Teatra, səhnəyə gəlincə, paltarlar səhnəyə tamaşadan bir saat öncə gedir. Kostyumçular paltarları seçir, ütüləyir və hər birini aktyorların qrim otaqlarına aparırlar. Əgər tamaşada geyimi dəyişmək məqamları varsa, onlar da bir saat öncədən kulislərə qoyulur. Geyimçilərimiz də yanlarında olub onlara kömək edirlər.

 

– Kulisdə geyim dəyişilən zaman, sözsüz ki, saniyələrlə yarışılır. Gözlənilməz hadisələr də olur yəqin...

– Eh, o qədər. Məsələn, keçən dəfə “O olmasın, bu olsun”da aktyor ayaqqabını geyinən kimi dabanı qopdu. Tələsik başqa birini verdik. Eləcə də geyimdə, aksesuarda hər hansı naxoş hal yaranarsa, alternativimiz daim olur.

 

– Bayaqdan sexə göz gəzdirirəm. Yəqin korifeylərin geyimləri qorunan dolabınız var. Məsələn, Nəsibə Zeynalovanın hansı səhnə geyimini saxlamısınız?

– İllər əvvəl var idi və sevə-sevə qoruyurduq. Sonra onları Dövlət Teatr Muzeyinə verdik. Orada eksponat kimi qorunsa, daha yaxşı olar deyə.

 

– Teatra mərhum Hacıbaba Bağırovun zamanında gəlmisiniz. Həyatda da səhnədə olduğu kimi idi?

– Rəhbər kimi də, insan kimi də çox başqa idi və hamımız onu çox istəyirdik.

 

– Görürəm, indi şəraitiniz yaxşıdır. Amma illər əvvəl belə olmayıb...

– Teatrda əsaslı təmirdən öncə üç sex bir yerdə otururduq. O zamanlar elə hallar yaşanırdı ki, az qalırdım baş götürüb gedim. Hətta bir dəfə qəti qərar verdim də. Keçmiş  direktor müavinimiz Elxan dedi ki, səbirli ol, təmir bitsin hər şey yoluna düşəcək. Öz kabinetin olacaq. Oldu da. İndi çox gözəl, geniş, rahat otaqlarımız var. Qalır işləmək.

 

– Teatr intriqalarsız ötüşmür, bu məlumdur. Səhnədəkilər daha çox intriqant olurlar, yoxsa səhnə arxasındakılar?

– Çalışıram söz-söhbətdən uzaq olum. Hətta bəzən əməkdaşların işləri çətinə düşəndə məni verirlər qabağa (gülür). Yola gedən adamam.

 

– Yola verir, yoxsa yola gedirsiz?

– Hər ikisi. Başqa çarəm var? (gülür). Axı səhnə adamları həm də çox həssas olurlar. Bizim də vəzifəmiz onları yola verməkdir. Bir də görürsən, geyimçilər baş alıb gəldilər ki, bəs gəlin, filankəs filan dedi. Gedirəm, həll olunur. Dil tapıram və hər zaman  da sülhsevərliyim dadıma çatır. Bir də, deyilənə görə, gülər üzüm.

 

– Zamanla bu iş adamı peşəkara çevirir, yoxsa mexaniki icraçıya?

– Əsas işini sevməkdir. Sevməsəydim, bu qədər ili burada keçirməzdim.

 

– Repertuarın işlək, bir də gahda-güzarda oynanılan tamaşaları var. Təsadüfən oynanılan tamaşaların geyimləri də əzbər sıralanıb beyninizdə?

– Nə bildiniz? Vallah, elədir. Qəribəsi budur ki, arada yatanda da yuxumda bu sexi, paltarları görürəm. İndi soruşsanız ki,  hansı geyim  neçənci asılqandadır, o an deyəcəm. Bəzən evdə oluram, zəng edib hansısa geyimi soruşurlar. Gözüyumulu deyirəm. Çünki hamısını səliqə ilə, öz yerində asırıq.

 

– Heç səhnəyə çıxmaq, o parlaq işıqlar altında dayanmaq kimi çılğın arzunuz olub?

– Yox, heç vaxt. Teatrı sevirəm, amma təbiətim, utancaqlığım buna mane olub.

 

– Aynişan xanım, daha keçib, bunu da deyin: teatrınız aktyorları səhnədə daha çox obrazda olurlar, yoxsa həyatda?

– Hərəsində bir cürdür. Amma məncə, aktyor elə səhnədə aktyor olsa, yaxşıdır.

 

– Geyimlər hər tamaşadan sonra təmizlənib, yuyulmaya gedir?

– Baxır hansı paltarlar. Məsələn, ağ köynəklər hə. Amma parlaq, işlənməli geyimlər az-az.

 

– Tamaşada dublyorlar olur. Onların paltarları da başqadır?

– Ölçüləri uyğun olarsa, eyni.

 

– Hə, yəqin “onun geyindiyini mən geyinmərəm” söhbətləri də olur.

– Olanda olur (gülür).

Söhbətin bu məqamında sexin işçiləri də bizə qoşuldular. Aktyorlar arasındakı irili-xırdalı dartışmaların gəlib bu kimi münasibətlərin başında “çatlamasından” da danışdıq. Hal-xasiyyətlərinə görə o paltarların gecəylə yuyub-ütüləyib hazır qoyduqlarını da dedilər.

 

– Sizin teatrın priması, sözsüz ki, hazırda Xalq artisti Afaq Bəşirqızıdır. Onunla yola getmək çətindir, yoxsa?...

– Afaq xanımla qızım işləyir, digər Xalq artistimiz İlham Namiq Kamal ilə mən.

 

– Anlamadım, hər Xalq artistinin öz kostyumçusu var?

– Belə bölgü etmişik də illərdir. Onu da deyim ki, sağ olsunlar, hər ikisi sadə, mehriban, səbirlidir. Vallah, onların yaşına, təcrübəsinə, məşhurluğuna baxanda xasiyyətləri yeni nəsildən daha başqadır.

Sonra birgə gəzə-gəzə Afaq xanım üçün ayrılmış asılqanlara yaxınlaşdıq. Hər obraza aid geyimlərini bir-bir sadaladı. Ardınca keçdi İlham müəllimin səhnə geyimlərinə. Sözarası dedi ki, onlar həm də özlərinə qarşı çox tələbkardırlar. Tamaşaçı qarşısındakı məsuliyyətlərinə görə hər xırda detalı belə diqqətdə saxlayırlar. Tamaşadan xeyli əvvəl qrim otaqlarında olur, replikalarını gözdən keçirir. Bir növ özlərini tamaşaya saatlar əvvəldən hazırlayırlar.

Sözü dağa-daşa salandan sonra Aynişan xanımdan istədiyim cavabı da almış oldum. Deyir Xalq artistləri, populyarlar nə qədər sadə, mehribandırlarsa, bəzi yenilər, kütləvi tamaşaçıya elə də tanış olmayanlar bir o qədər nazlı, hətta hikkəli olurlar. Yaşlı nəsil hər bir işin yönünü bilir. Təcrübələri çoxdur. Ona görə də onlarda problem yaranmır.

Sonra da əlavə edir ki, həyatda da, teatrda da gərək söz-söhbətdən uzaq durmağı bacarasan, necə deyərlər, bir gözün kor, bir qulağın kar olsun. Bir də səhnə elə yerdir ki, adamları doğmalaşdırır, illərlə ailə kimi olursan.

Bu son sözü elə əmin dedi ki, etiraz eləməyə çalışdım.

 

– Aynişan xanım, ya da buna məcbur olursan.

– O da olur, bu da. Amma baxın, burada çalışan qadınlarla illərlə elə qaynayıb-qarışıb, elə doğmalaşmışıq ki, hər sirrimizi bölüb, hər dərdimizə həmdərd ola bilirik.

 

– Baxıram, çox sadə geyimdəsiniz. Teatrın dəbdəbəsi sizə sirayət eləməyib?

– Qadın kimi də daim sadəliyə üstünlük vermişəm. Səhnə adamı deyiləm, axı. Mən, sadəcə, təmizliyə, səliqəyə önəm verirəm. Özümə də,  geyimçilərimizə də qoyduğum yeganə tələb təmizlik, səliqə-sahmandır. Qalan o işıltı, dəbdəbə, bər-bəzək aktyora, səhnə adamına yaraşır.

 

– Heç ürəyinizdən bax bu gördüyümüz al-əlvan paltarları geyinmək, ən azı bu sexin içində gəzib süzdürmək keçməyib?

– Bu barədə bir az vasvası adamam. Nə başqasının paltarını geyinmərəm, nə də öz paltarımı kiməsə vermərəm.

 

– Ola bilməz ki, ütüləyən zaman paltar yanmasın.

– Hə, yadıma salmayın, indi də həyəcan basır. Olub belə hallar. Amma sağ olsun seximiz, eləcə də tikiş sexi, həll edir. Bəzən də biz ona başqa geyim verib həll etməyə çalışırıq. Teatrın geyiminin yanması heç. Amma elə olub ki, aktrisanın tamaşa üçün gətirdiyi şəxsi geyim yansın. İndi gəl çıx da bu yükün altından. Yadımdadır, rus bölməsində Larisa Vinoqradovanın bahalı, tüldən olan bir paltarı vardı. Gətirdi ki, tamaşada geyinsin. Biz də cüzi qırışlarını açmaq üçün ütünü yandırdıq. Elə yapışması ilə yanmağı bir oldu.

 

– Yəqin sizə qəzəblənib. Üstəlik təzəsini də aldırıb.

– Yox, aldırmadı. Amma qəzəblənməyə haqqı var idi (gülür).

 

– Şəxsi paltarlar sexdə qalır, yoxsa hər tamaşadan sonra aparılır. Bildiyim qədər, bir neçə aktrisanız var ki, tamaşada öz geyimlərinə üstünlük verirlər.

– Əslində, tamaşanın paltarını geyinməlidirlər və biz də otağa əvvəldən tamaşa üçün tikilmiş geyimi qoyuruq. Amma əgər öz paltarını gətirib, onu geyinməklə bağlı müvafiq razılıq alırsa, artıq o geyimə biz toxunmuruq. Yəni teatr ona paltar verib. İstəmirsə, bu, başqa.

Sexin qadın əməkdaşı, mənə görə yumor hissi daha qabarıq Nadilə xanım da mütəmadi söhbətimizə rəng qatdı. Sonra balet, ayaqqabı və baş geyimlərinin saxlandığı otaqları dolaşdıq.

Hər üç məkanda məni cəlb edən sözsüz ki, ilk növbədə, təmizlik, geyimlərdən gələn xoş ətir və onları belə təravətli saxlayan əməkdaşların çöhrələrinə hakim təbəssüm idi. Qısa müzakirə növbəti sualı meydana çıxardı:

 

– Aktyorlar ünsiyyətə meyillidirlər?

– Eləsi də var, beləsi də. Amma mən  hər adamla asanlıqla ünsiyyətə girib, ürəyimə elə də yaxın buraxmıram.

 

– Niyə? Bəlkə sənət adamları sizə görə etibarsızdırlar?

– Yox, elə deməzdim. Mən, sadəcə, öz yerimi bilirəm, məsafəmi saxlayıram. Yəqin uzun müddət  bir yerdə səs-səmirsiz çalışmağımın bir səbəbi də budur. Yəni söz-sovdan qaçmağım. Çox şey görüb, çox şeylər eşitmişəm. Amma ürək süfrə deyil ki, hər kəsə açıla.

 

– Yaxşı, gəlin bir gülməli xatirənizi də bölüşün, söhbəti yekunlaşdıraq.

– İndi yadıma düşəndə həm gülürəm, həm də utanıram. Təzə işlədiyim vaxtlar idi. Kişi aktyorlardan biri “Köynəyimin düyməsi qırılıb” deyib tikmək üçün düyməni mənə uzatdı. Tamaşa gedir, indi o da öz mizanına uyğun səhnəyə çıxmalıdır. Utandım, bilmədim nə edim. İynə-sapı uzadıb “Alın, özünüz tikin, ya da gedin köynəyi çıxarın, tikim” dedim. Təəccüblə üzümə baxdı və düyməni birtəhər özü tikdi. Amma sonralar bu utancaqlığım keçdi. İşə alışdım.

 

– Alışdığınız, sevdiyiniz bu iş sizə nə qazandırdı? 30 il az vaxt deyil.

– Çox şey verdi, çox mətləblərdən hali etdi. Mən burada yox, başqa yerdə çalışsaydım, belə uzun yaşamazdım. Teatr mənə azadlıq, ruhən sərbəstlik, özünə inam verdi. Ruhumu gənc saxladı.

Söhbətləşdi: Həmidə Nizamiqızı