Ötən ildən başlayaraq Avstraliya Milli Parkında olan vəhşi atların güllələnməsinə icazə verilib. Yeni Cənubi Uels əyalətinin Ali Məhkəməsi heyvanların rifahı ilə məşğul olan təşkilatın iddiasını rədd edən qərar çıxarıb.

Bunun səbəbi Avstraliyadakı parkda “brumbi” adlanan vəhşi atların həddindən artıq olmasıdır. Məlumata görə, onların sayı təxminən 22 minə yaxındır. Ekoloji nöqteyi-nəzərdən atlar Milli parkın tarazlığını və bataqlıq ərazilərini təhdid edir, habelə yerli at növlərini sıxışdırır.

Ekologiya Nazirliyi Milli Parklar və Vəhşi Təbiət Xidməti tərəfindən 2027-ci ilə qədər brumbilərin sayının 3 minə endirilməsinə qərar verib. Vəhşi atların  bir qisminin başqa ərazilərə köçürülməsi də planlaşdırılır.

Heyvanların əhəmiyyətli bir hissəsi onların helikopterlərdən vurulması nəticəsində ölür. Heyvan haqları müdafiəçiləri isə buna qarşı məhkəmə iddiası qaldırıb. Onlar atların güllələnməsini heyvanlara qarşı amansızlıq aktı olduğunu bildiriblər. Lakin üçgünlük dinləmədən sonra məhkəmə Ekologiya Nazirliyini haqlı sayıb. Qərarda ölkə üçün “heyvanların rifahının yeganə və ya ən vacib məsələ olmadığı” qeyd olunur.

Qeyd edək ki, vaxtilə Avstraliyada kenquruların sayının həddən artıq artması və ölkədə yaşıllıqları məhv etməsi əsas gətirilərək onlara qarşı da bənzər qərar qəbul olunmuşdu.

Bu arada Avstraliyada vəhşi halda yaşayan digər heyvana – dəvələrə münasibət bir qədər dəyişib. Buna isə qlobal istiləşmə səbəb olub.

150 il əvvəl britaniyalı koloniyaçılar tərəfindən materikə nəqliyyat vasitəsi kimi gətirilən dəvələr burada çox sürətlə yayılıb. Əlverişli şərait, yırtıcıların olmaması bu canlıların tez bir zamanda çoxalması ilə nəticələnib. Hazırda Avstraliyada 1 milyon başdan çox dəvə var. Onların sayı növbəti on ildə ikiqat arta bilər. Bu isə yerli faunada tarazlığı poza bilər.

Hökumət vaxtaşırı olaraq vəhşi dəvələrin sayının tənzimlənməsini həyata keçirir. Lakin son vaxtlar “səhra gəmiləri”nə münasibət dəyişir. Bəzi iş adamları bu heyvanlardan gəlir əldə etmək istəyir. Artıq bir neçə sahibkar dəvələrlə turizm səfərləri təşkil edərək gəlir əldə edib. Bəzi sahibkarlar isə təbiətdə sərbəst gəzən heyvanları süd və ətindən istifadə etmək üçün xüsusi təsərrüfatlarda bəsləməyə başlayıb. Üstəlik, dəvələr qlobal isinməyə ideal şəkildə adaptasiya olurlar. Avstraliyalı fermerlər dəvələrin ət və südünü daha çox tələbat olan Yaxın Şərq regionuna satmağı düşünürlər.