Kanadanın “Lucara Diamond” korporasiyası Botsvanadakı (Cənubi Afrika) Karove mədənindən 2492 karatlıq (498,8 qram) almaz çıxarıb. Yumruq boyda qiymətli daşı ölkə prezidenti Mokgvitsi Masin dünyaya nümayiş etdirib.

“Lucara Diamond Corp”un məlumatında bildirilir ki, almaz zədələnməmiş vəziyyətdədir. O, böyük almazların axtarışı üçün nəzərdə tutulmuş rentgen texnologiyasından istifadə edilərək aşkar edilib.

Məlumata görə, bu, indiyədək ölçüsünə görə dünyada tapılan ikinci ən böyük almazdır. Ən böyük almaz – 3106 karat ağırlığında “Cullinan” Cənubi Afrikada təxminən 120 il əvvəl tapılmışdı.

Karove yatağı qiymətli daşları ilə məşhurdur. 2015-ci ildə “Lucara Diamond Corp” burada o zaman dünyada ikinci ən böyük almaz olan “Lesedi La Rona”nı (1109 karat) aşkarlayıb. O, 53 milyon dollara satılıb. Yenə həmin yataqdan çıxarılan 813 karatlıq almaz rekord qiymətə –  63 milyon dollara alıcı tapıb.

Yeni almazın keyfiyyəti hələ müəyyən edilməyib. Onun real qiyməti də bundan sonra bəlli olacaq.