Rusiyalı milyarder, “Telegram” sosial media platformasının qurucusu və baş direktoru, bir neçə il əvvəl Fransa vətəndaşlığı almış Pavel Durov Parisdə həbs olunub. Durov avqustun 24-də yerli vaxtla 20:00 radələrində şəxsi təyyarəsi ilə Le Burje hava limanına endikdən sonra saxlanılıb.

Dünya mediasının əsas gündəm mövzularından olan xəbərlərə görə, Durova qarşı terror, narkotik ticarəti, dələduzluq və çirkli pulların yuyulması, daha doğrusu, bütün bunların “Telegram” platforması üzərindən həyata keçirilməsi ilə bağlı ittihamlar irəli sürülə bilər. Fransa hakimiyyətinin ondan əsas narazılığı isə messencerdə bütün mesajların şifrələnməsi və “Telegram” sahibinin bu mesajları Fransa xüsusi xidmət orqanları ilə paylaşmaq istəməməsidir.

Məlumatlara görə, Durovun təyyarəsi Parisə Bakıdan uçub. Onun bir neçə gün Azərbaycanda olduğu, hətta buraya Rusiya Prezidenti Vladimir Putinlə (18-19 avqustda Bakıya dövlət səfəri edib) görüşmək niyyətilə gəldiyi bildirilir. Lakin Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Bakıda belə bir görüşün olmadığını deyib. Ümumiyyətlə, Rusiya rəsmi dairələrinin Durovun saxlanılması ilə bağlı xəbərlərdə zahirən məsafəli davrandığı hiss olunur. Çünki formal olaraq Durov bu ölkənin vətəndaşı deyil. Bununla belə, dünyanın aparıcı (və rusiyalıların da kütləvi şəkildə istifadə etdiyi) sosial media platformalarından birinin rusiyalı sahibinin həbsinə Moskvanın biganə qalması ağlabatan deyil.

Durovun ətrafından yayılan məlumatlara görə, o, Parisdə yolüstü dayanıb. Guya orada şam etdikdən sonra və bir gecə qaldıqdan sonra Parisdən gedəcəkmiş. Xatırladaq ki, Durov son illər Birləşmiş Ərəb Əmirliklərində yaşayırdı, “Telegram”ın baş ofisi də Dubayda yerləşir.

“Telegram” komandası Pavel Durovun Fransada saxlanılmasına münasibət bildirib. Məlumatda “Telegram”ın və ya onun sahibinin platformada sui-istifadələrə görə məsuliyyət daşıdığı barədə iddiaların absurd olduğu vurğulanır. Həmçinin bildirilir ki, “Telegram”ın fəaliyyəti, dezinformasiya və qeyri-qanuni məzmunla mübarizə üçün ciddi qaydalar təmin edən Rəqəmsal Xidmətlər Aktı daxil olmaqla, Avropa İttifaqının qanunlarına uyğundur, onun moderasiyası (mesaj-yazışmalara tətbiq edilən tələblər) sektorun standartlarına cavab verir.

Qeyd edək ki, 1 milyarda yaxın istifadəçisi olan “Telegram” keçmiş Sovet İttifaqı  respublikalarında xüsusilə geniş yayılıb. O, “Facebook”, “X” (“Tvitter”) , “YouTube”, “WhatsApp”, “Instagram”, “TikTok”dan sonra əsas sosial media platformalarından biri hesab olunur.

Bundan öncə Rusiyada “VKontakte” platformasının sahibi olan Durov hökumətin müəyyən təzyiqlərindən sonra onu sataraq 2014-cü ildə ölkəsini tərk edib və qardaşı ilə birlikdə “Telegram”ı yaradıb. Daha sonra RF vətəndaşlığından da çıxıb. “Forbes”in məlumatına görə, onun 15 milyard dollara yaxın varidatı var.