Beynəlxalq festivalda 80-dək ölkə təmsil olunur
26-30 avqust tarixlərində Özbəkistanın Səmərqənd şəhərində XIII “Şərq təranələri” Beynəlxalq Musiqi Festivalı keçirilir. Mərkəzi Asiyanın ən böyük incəsənət layihələrindən olan festival UNESCO və ICESCO-nun himayəsi ilə gerçəkləşir.
Festivalın məqsədi milli musiqi sənətindəki nailiyyətləri, eləcə də xalqların mədəniyyətini və adət-ənənələrini tanıtmaq və inkişaf etdirmək, musiqi və xanəndəlik sahəsində istedadlı gənclərə dəstək olmaq, beynəlxalq yaradıcı əlaqələr qurmaq, sülh, dostluq və qarşılıqlı tolerantlıq ideyalarını təbliğ etməkdir.
1997-ci ildə əsası qoyulan festivalda indiyədək ümumilikdə 75 ölkədən musiqi kollektivləri və ifaçılar iştirak edib.
Sayca 13-cü festivala 80-ə yaxın ölkədən 300-dən çox nümayəndə qatılıb.
Budəfəki festivalda Azərbaycanı tanınmış xanəndə, respublika və beynəlxalq müsabiqələr laureatı Mirələm Mirələmov təmsil edir. Onun ifalarını instrumental heyət – Zəki Vəliyev (tar), Elnur Mikayılov (kamança), Kamran Kərimov (nağara), İdris Hüseynov (ud) və Anar Vəlizadə (balaban) müşayiət edəcək.
Avqustun 26-da Səmərqənddə festivalın təntənəli açılış mərasimi olub.
Festival çərçivəsində avqustun 27-28-də “Şərq xalqlarının musiqi mədəniyyəti: qloballaşma prosesində yaradıcılıq harmoniya prinsipləri” mövzusunda beynəlxalq elmi-praktik konfrans da keçirilir.
Festival iştirakçılarının beynəlxalq münsiflər heyəti qarşısında çıxışları üç gün (27-29 avqust) sürəcək. Qiymətləndirmə zamanı iştirakçının ifa səviyyəsi və mahnılarla bərabər, mahnı sözlərinin (şeirlərin) ahəng və məzmunu, iştirakçının geyim mədəniyyəti və səhnə davranışı kimi meyarlar da nəzər alınacaq.
Müsabiqənin baş mükafatı (Qran-pri) 10 000 dollar təşkil edir. 1-ci, 2-ci və 3-cü yerlər üçün müvafiq olaraq 10 000, 7000 və 6000 dollar pul mükafatı nəzərdə tutulur. Bundan əlavə, “Ən gənc iştirakçı”, “Tamaşaçıların seçdiyi ən yaxşı iştirakçı”, “Ən yaxşı instrumental ifaçı” nominasiyaları üzrə də mükafatlar veriləcək.
Qeyd edək ki, “Şərq təranələri” festivalı iki ildən bir keçirilir. Ölkəmizdən xanəndə Simarə İmanova ilk festivalda (1997) və tarzən Sahib Paşazadə XI festivalda (2017) Qran-pri mükafatına layiq görülüblər. Müxtəlif illərdə ölkəmizdən bir neçə musiqiçi də festivalın mükafatçısı olub.