Akademik Milli Dram Teatrı yeni mövsümə hazırlaşır. Ənənəsinə sadiq qalan sənət ocağı sentyabrın 8-də tamaşaçılarla görüşə “Qarabağnamə” tamaşası ilə gələcək.
Xalq yazıçısı İlyas Əfəndiyevin “Hökmdar və qızı” pyesi əsasında hazırlanan ikihissəli faciənin quruluşçu rejissoru Xalq artisti Mərahim Fərzəlibəyov, quruluşçu rəssamı Əməkdar rəssam İsmayıl Məmmədovdur.
Yeni mövsüm üçün zəngin tamaşa planı hazırlayan yaradıcı heyətin ilk qastrolu Rusiyaya olacaq. Hüseyn Cavidin “İblis” faciəsi əsasında hazırlanan “İblis və...” tamaşası premyera nümayişini sentyabr ayının sonlarında Sankt-Peterburqda – Aleksandrinski Teatrında edəcək. Səhnə əsəri oktyabrın 4-dən 6-dək isə Milli Dram Teatrında tamaşaçılara təqdim olunacaq.
Xatırladaq ki, yeni tamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə, geyim üzrə rəssamı Vüsal Rəhim, işıq üzrə rəssamı Rafael Həsənov, bəstəkarı Azər Hacıəsgərli, məsləhətçisi Əməkdar mədəniyyət işçisi Azər Turandır.
Teatrda daha dörd tamaşa ilkin hazırlıq mərhələsindədir.
Oxunuş prosesi başa çatan ilk nümunə Vilyam Şekspirin “Maqbet” faciəsinin motivləri əsasında hazırlanan “Ledi Maqbet”dir. Tamaşanın quruluşçu rejissoru Əməkdar artist Nicat Kazımov, quruluşçu rəssamı Samirə Həsənova, bəstəkarı Azər Hacıəsgərli, rəqslərin quruluşçusu Lalə Hacıyevadır. Onu da qeyd edək ki, “Ledi Maqbet” Xalq artisti Bəsti Cəfərovanın yubileyi münasibətilə benefis tamaşa olacaq.
“Müharibə” tamaşası Mehriban Ələkbərzadə və Nihad Qulamzadənin eyniadlı əsəri əsasında ərsəyə gələcək. Quruluşçu rejissor Nihad Qulamzadə, quruluşçu rəssam Eldar Nağıyev, bəstəkar Nigar Süleymanovadır.
Rusiyada yaşayan həmyerlimiz, maraqlı quruluşları ilə tamaşaçıların yadında qalmağı bacaran Ərşad Əlkəbərov bu mövsümdə də Milli Dram Teatrı ilə əməkdaşlıq edəcək. O, Cəfər Cabbarlının “Aydın” əsərini səhnəyə qoyacaq.
Fransız yazıçı-dramaturqu Rober Tomanın “Səkkiz qadın” pyesi də bu teatrın səhnəsində özünün yozumunu tapacaq. Nümunəyə Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə quruluş verəcək.