Laçın Şəhəri Günü ilə bağlı tədbirlər keçirilib

 

Avqustun 26-da Masallı rayon Mərkəzi Kitabxanasında rayon Tarix-Diyarşünaslıq Muzeyinin birgə təşkilatçılığı ilə 26 avqust – Laçın Şəhəri Gününə həsr olunmuş “Şan-şərəf təqvimimizin yeni günü” adlı tədbir keçirilib.

Kitabxananın əməkdaşı Günay Xəlilova, muzeyin direktoru Əntiqə Tağıyeva əlamətdar günün tarixindən, qəhrəmanlıq tariximiz olan Vətən müharibəsindən söz açıblar. Bildirib ki, Azərbaycan Respublikası Prezidenti  tərəfindən 31 iyul 2023-cü il tarixində işğaldan azad edilmiş ərazilər üzrə şəhər günlərinin təsis edilməsi haqqında sərəncam imzalanıb. Sərəncamla 26 avqust (2022-ci ilin həmin günü Laçın şəhəri Azərbaycanın suverenliyi altına qayıdıb) tarixi Laçın Şəhəri Günü elan edilib.

Şəhid baş leytenant Şəmistan Yusiflinin atası Şükran Yusifli, “Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri” İctimai Birliyi Masallı rayon filialının sədri Nahid Rəhimov, Aprel döyüşləri və Vətən müharibəsi iştirakçısı, qazi Nazim Cəfərzadə, təqaüddə olan mayor Bəhruz Mehbalıyevin çıxışı və kitabxananın əməkdaşı Gülər Piriyevanın məruzəsi dinlənilib.

***

Yardımlı rayon Mərkəzi Kitabxanasında oxucuların iştirakı ilə Laçın Şəhəri Günü ilə bağlı dəyirmi masa keçirilib. Kitabxananın şöbə müdiri Vasif Abdulov çıxışında Laçın Şəhəri Gününün təsis olunmasından danışıb. Kitabxananın əməkdaşı Rizvan Adişov mövzu ilə bağlı məruzə edib.

***

Lerik rayon Mərkəzi Kitabxanasında da Laçın Şəhəri Günü münasibətilə kitabxananın fəal oxucularının iştirakı ilə tədbir keçirilib. Kitabxananın əməkdaşı Xoşavaz Feyziyeva Laçın Şəhəri Günü haqqında, otuz ilə yaxın işğal altında qalmış əzəli torpaqlarımız 44 günlük Vətən müharibəsində hərbi-siyasi yolla işğaldan azad olmasından bəhs edib.

***

Astara rayon Heydər Əliyev Mərkəzində Astara Dövlət Rəsm Qalereyası və Astara “Gənclər evi” sosial xidmət müəssisəsi əməkdaşlarının iştirakı ilə “Laçın – məğrur rayonun hekayəsi” mövzusunda tədbir keçirilib. Mərkəzin direktoru Kübra Səmədova 44 günlük Vətən müharibəsində əzəli torpaqlarımızın işğaldan azad edilməsi barədə danışıb. Sonra “Laçın rayonunun işğalı və azad edilməsi” mövzusunda film nümayiş olunub.

***

Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsinin tabe müəssisəsi olan Quba rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi Mərkəzi Kitabxanasının uşaq şöbəsi tərəfindən “Azad Laçın” adlı tədbir keçirilib.