Laçının azad olunmasından indiyədək yenidənqurma və ərazilərin bərpası istiqamətində məqsədli şəkildə irəliləyirik. Həmin dövrdən başlayaraq Laçın şəhərinə 2100-ə yaxın sakin köçürülüb, 700-dən çox tikili bərpa olunub.
Bunu jurnalistlərə açıqlamasında Azərbaycan Respublikası Prezidentinin Laçın rayonunda xüsusi nümayəndəsi Məsim Məmmədov söyləyib.
“Bu gün bir çox insanlar arzulayır ki, Laçının gözəlliyini görmək üçün buraya gəlsin. Doğrudan da, bu gün Laçın arzular şəhərinə çevrilib. Bu da bizi çox sevindirir”, – deyə o qeyd edib.
Böyük Qayıdış proqramı üzrə görülən işlər çərçivəsində doğma yurd yerlərinə – Laçın şəhərinə və Laçının Zabux və Sus kəndlərinə köçürülən sakinlərin də aktiv məşğulluq proqramları ilə əhatə olunması işləri davam etdirilir.
Bu barədə isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyindən məlumat verilib.
Məlumatda bildirilir ki, Laçına köçürülən sakinlərdən artıq 954 nəfərin məşğulluğu təmin olunub. O cümlədən 32 sakin üçün özünüməşğulluq proqramı çərçivəsində kiçik təsərrüfatlar qurulub. 39 sakin üçün isə peşə hazırlığı kursları təşkil edilib. Hazırda daha 255 sakinin məşğulluğuna dəstək işləri aparılır.
Dövlət Məşğulluq Agentliyinin Şərqi Zəngəzur Regional Məşğulluq filialının Laçın xidmət şöbəsi də fəaliyyət göstərir.