Almaniyanın Gissen şəhərindəki Yustus Libix Universitetinin Elm və Təhsil Nazirliyinin akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunda təcrübə keçən tələbələri Florian Behrens və Gülay Göktaş müəssisələr arasında bağlanmış əməkdaşlıq çərçivəsində Samur-Yalama Milli Parkına səfər ediblər.

İnstitutdan bildirilib ki, icraçı direktor Zaur İmrani və Demoqrafiya və əhali coğrafiyası şöbəsinin əməkdaşı Bəyimxanım Hüseynovanın müşayiəti ilə tələbələr Samur-Yalama Milli Parkının yaranma tarixi, geoturizm imkanları, turizm potensialı və infrastrukturu barədə geniş məlumat alıblar.

Tələbələr həmçinin adları çəkilən müşayiətçilərin iştirakı ilə Lənkəran zonasında yerləşən Hirkan Milli Parkı, Xanbulançay su anbarı, Bəlləbur qalası, Lənkəran Tarix-Diyarşünaslıq Muzeyi və digər məkanlarda olublar.

Ekskursiya ərzində tələbələr olduqları ərazilərin tarixi və ekoturizm potensialı haqqında məlumatlandırılıb, onları maraqlandıran suallara ətraflı cavablar verilib.