Ölkəmizin Ankaradakı səfirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Türkiyə Mədəniyyət və Turizm Nazirliyi Kitabxanalar və nəşriyyatlar baş idarəsinin rəhbəri, Türkiyə Milli Kitabxanasının direktoru Taner Beyoğlu ilə görüşüb.
Görüş zamanı iki ölkə arasında mədəniyyət, kitabxana, nəşriyyat sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub. Azərbaycan mədəniyyətinin Türkiyədə tanıdılması istiqamətində görüləcək işlər, Türkiyə Milli Kitabxanasına və bölgələrdə yerləşən kitabxanalara Azərbaycana dair nəşrlərin hədiyyə olunması, Türkiyə fondlarında saxlanılan Azərbaycan klassik irsinin, nadir nüsxələrin tədqiqi, qədim xəritələrin sərgisinin təşkili ilə bağlı fikir mübadiləsi aparılıb.
Gələcəkdə qarşılıqlı olaraq elmi jurnallardan onlayn istifadə edilməsi, türk dövlətləri arasında elektron kataloq və elektron kitabxana sahəsində inteqrasiya, birgə layihələrin, tədbirlərin reallaşdırılmasına dair fikirlər səsləndirilib.