Birinci vitse-prezident Mehriban Əliyeva şənlikdə iştirak edib

 

Avqustun 26-da Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyeva valideyn himayəsindən məhrum olmuş və xüsusi qayğıya ehtiyacı olan uşaqlar, həmçinin şəhid övladları üçün Fond tərəfindən keçirilən əyləncə və istirahət proqramında iştirak ediblər.

Mehriban Əliyeva və Leyla Əliyeva uşaqlarla söhbət edib, onların təşkil edilən bu şənliklə bağlı fikirləri ilə maraqlanıb, şəkillər çəkdiriblər.

Uşaq evlərinin, Daun Sindromlu Uşaqların Reabilitasiya Mərkəzinin və İnteqrasiya təlimli internat məktəbinin sakinləri təəssüratlarını bölüşüb, burada yeni dostlar qazandıqlarını söyləyib, iştirak etdikləri oyunlar, əyləndikləri attraksionlar barədə danışıblar.

Xəzərin sahilində yerləşən “Dalğa Beach” istirahət məkanında təşkil olunan tədbir çərçivəsində Birinci vitse-prezident Mehriban Əliyeva və Leyla Əliyeva uşaq evlərində və internat məktəblərində tərbiyə alan uşaqların əl işlərindən ibarət sərgi ilə də tanış olub, onlarla birgə rəsm çəkiblər.

Uşaqlar çəkdikləri rəsm nümunələrini Mehriban xanım Əliyevaya hədiyyə ediblər. Tədbir zamanı Mehriban xanım Əliyeva 26 avqustda doğum günlərini qeyd edən şəhid övladları və uşaq evinin sakinləri ilə də görüşüb, onları təbrik edib.

İsti yay günündə uşaqlar hovuzda doyunca əylənib, animatorların iştirakı ilə rəqs edib, rəsm, oyun, “Face art” və digər zonalarda müxtəlif əyləncələrə qoşulub, bacarıqlarını nümayiş etdiriblər.

Uşaqlar birgə nahar süfrəsi arxasında növbəti sevincli anlar yaşayıblar.

Birinci xanım Mehriban Əliyeva doğum günü olan uşaqlar üçün tort kəsərək onlara təqdim edib.

Balacaların sevimli qəhrəmanlarını canlandıran personajlar da şənlik iştirakçılarını əyləndiriblər. Səhnəciklər, oynaq, şux mahnılar, rəqslər bayram tədbirini daha da rəngarəng edib.

Tədbirlərin yekununda unudulmaz istirahət günündən xatirə olaraq hər bir uşağa Heydər Əliyev Fondunun hədiyyələri təqdim edilib.

***

Heydər Əliyev Fondu tərəfindən avqustun 26-da Gəncədəki 4 saylı Uşaq evi sosial xidmət müəssisəsində də xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün şənliklər təşkil edilib. Şənlikdə DJ-lərin, animatorların iştirakı ilə müxtəlif əyləncə və şou proqramlar təqdim edilib, maraqlı müsabiqələr, idman estafetləri və oyunlar keçirilib.

***

Fondun uşaqlar üçün keçirdiyi növbəti şənliyin ünvanı Şəki şəhəri olub. 6 saylı Uşaq evi sosial xidmət müəssisəsində təşkil olunan şənlikdə azyaşlılar və yeniyetmələr müxtəlif oyunlar və müsabiqələr vasitəsilə bacarıq və qabiliyyətlərini nümayiş etdirib, yay ovqatlı yaddaqalan bir gün keçiriblər.

“Xəzinə ovu”, “Balonlu estafet”, “Sehrbaz” əyləncəli oyunlar uşaqların həm istirahətinin səmərəli təşkilinə, həm də inkişafına yaddaqalan töhfə olub.