DİM rəhbəri ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələrini şərh edib

 

Məlum olduğu kimi, Dövlət İmtahan Mərkəzi (DİM) avqustun 22-də 2024/2025-ci tədris ili üçün ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələrini elan edib.

DİM-in idarə heyətinin sədri Məleykə Abbaszadə avqustun 26-da bununla bağlı mətbuat konfransı keçirib.

M.Abbaszadə diqqətə çatdırıb ki, ali təhsil müəssisələrinin qəbul planı 95,27% dolub. Müsabiqənin nəticələrinə əsasən, 55656 nəfər (o cümlədən 7287 subbakalavr) ali təhsil müəssisələrinə qəbul olunub. 27117 (o cümlədən 1579 subbakalavr) nəfər dövlət sifarişi əsasında, 28539 (o cümlədən 5708 subbakalavr) nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib.

Qeyd olunan rəqəmləri ötən ilin müvafiq məlumatları (I mərhələdən sonra qəbulun nəticələri) ilə müqayisə etsək, bu il tələbə adını qazananların sayının daha da artmasını müşahidə edə bilərik. Ötən ilə nisbətən bu il tələbə olanların sayı 3715 nəfər daha çoxdur. Bu il həmçinin dövlət sifarişi əsasında qəbul olunanların sayı da ötənilki göstəricidən 2523 nəfər çoxdur. Ümumiyyətlə, son illər qəbul planında dövlət sifarişli yerlərin sayının artırılması nəticəsində ödənişsiz oxumaq imkanı əldə edən tələbələrin sayı çoxalmaqda davam edir.

Plan yerləri ən çox ikinci ixtisas qrupunda dolub (98,29%). Burada plan yerlərinin sayı imtahan verən və müsabiqədə iştirak etmək hüququ olan abituriyentlərin sayından çox olsa da, əvvəlcədən də proqnoz edildiyi kimi subbakalavrların şansı var idi və onların hesabına dolma göstəriciləri yüksəkdir. Ən çox subbakalavr (3549 nəfər) da məhz II qrup üzrə ixtisaslara qəbul olunub.

I qrup üzrə isə 3053 nəfər subbakalavr ali məktəb tələbəsi adını qazanıb. Subbakalavrlar ümumilikdə 34 müxtəlif ali təhsil müəssisəsinə qəbul olunublar. Bu il ali təhsil müəssisələrinə qəbul olunan subbakalavrların sayı da artıb və ötənilki göstəricidən 695 nəfər daha çoxdur.

I, III, IV və V ixtisas qruplarında plan yerləri müvafiq olaraq 93,37%, 97,38%, 89,96% və 92,20% dolub.

Ayrıca ali təhsil müəssisələrinə gəldikdə, I mərhələdən sonra tələbə qəbulu aparılan 44 ali təhsil müəssisəsinin 25-də plan yerləri 95%-dən çox, o cümlədən 8 ali təhsil müəssisəsində (Azərbaycan Tibb Universiteti, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, ADA Universiteti, Azərbaycan Dövlət Dəniz Akademiyası, Bakı Ali Neft Məktəbi, Dövlət Gömrük Komitəsinin Akademiyası, Azərbaycan İlahiyyat İnstitutu, Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası)  100 % dolub.

İlk dəfə qəbul aparılan Qarabağ Universitetinin (Xankəndi şəhəri) plan yerləri 98,57%, Türkiyə – Azərbaycan Universitetinin plan yerləri 96,67%, İtaliya – Azərbaycan Universitetinin plan yerləri 95,52% dolub.

I mərhələdən sonra V qrupda dövlət sifarişli bir sıra ixtisaslara boş yerlərin qalması da diqqət çəkir. “V qrupda müxtəlif ixtisaslar var. Məsələn, bu il dirijorluq ixtisasında boş yerlər qalıb. Burada xüsusi bacarıq və bilik tələb olunur. Elə sahə var ki, necə deyərlər, dəbdə olan sahədir. Məsələn, hamı özünü dizayner görür”, – deyə Məleykə Abbaszadə bildirib.

DİM rəhbəri V qrup ixtisaslarda ödənişli əsaslarla təhsil alanlarının sayının dövlət sifarişli yerlərdə təhsil alanların sayından çox olması ilə bağlı suala cavabında deyib ki, hansı ixtisaslarda dövlət sifarişli yerlərin sayının artırılması, ya da azaldılması bizdən asılı deyil. Qəbul planı hökumət tərəfindən həm universitetlərlə müzakirə olunur, həm də ölkədə olan tələbat nəzərə alınır. Bunu hansısa bir ixtisas üzrə həll etmək mümkün deyil: “Hər il biz görürük ki, operatorluq, heykəltaraşlıq ixtisasları üzrə dövlət sifarişli yerlər boş qalır. Bu, o demək deyil ki, bizə bu sahə üzrə mütəxəssislər lazım deyil. Yəni dövlət sifarişli yerlər qalmalıdır. Digər sahəyə, məsələn, estrada sənətinə gedənlər çoxdur. Bu da o demək deyil ki, biz orada dövlət sifarişli yerlərin sayını artırmalıyıq. Bu zaman həmin sahəyə olan tələbat müəyyən edilir. Məsələn, Mədəniyyət Nazirliyi hansı sahəyə ehtiyac olduğunu müəyyənləşdirir. Fikrimcə, instrumental ifaçılıqda bizdə simfonik orkestrdə olan ifaçılara tələbat nəzərə alınır, nadir alətlərin ifaçısına olan tələbat nəzərə alınır. Bunlar hamısı çoxparametrli məsələdir. Ona görə də V qrupda dövlət sifarişli yerlərin sayının artırılması barədə qərar vermək yaxşı olmayacaq. İstedadlı uşaqlar V qrupda onsuz da dövlət sifarişli yerlərə qəbul olunur”.

Qeyd edək ki, 2024–2025-ci tədris ili üçün ali təhsil müəssisələrinə tələbə qəbulunun nəticələrinə əsasən, V qrup ixtisaslarında 2565 nəfər ödənişli, 1549 nəfər dövlət sifarişli yerlərdə olmaqla ümumilikdə 4114 nəfər təhsil alacaq. Hazırda V ixtisas qrupu üzrə 348 plan yeri boş qalıb.

Eyni zamanda, I ixtisas qrupu üzrə 1304, II ixtisas qrupu üzrə 246, III ixtisas qrupu üzrə 400, IV ixtisas qrupu üzrə 463 plan yeri boş qalıb.

Avqustun 28-dən sentyabrın 2-dək isə boş qalan plan yerlərinə ixtisas seçimi aparılacaq.

Ali təhsil müəssisələrinə qəbul olunanlar avqustun 28-dən sentyabrın 6-dək elektron qaydada portal.edu.az saytı vasitəsilə qeydiyyatdan keçməlidirlər.