30 avqust Zəfəri türk xalqının yenilməzliyini dünyaya duyurdu

 

30 avqust 1922. Bu gün türk tarixinin ən şanlı günlərindən biri, yeni Türkiyənin olum-qalım savaşında doğulduğu, Qurtuluş cəngində var olduğu gündür. Qardaş dövlət bir əsrdir bu günü şanına layiq şəkildə – Zəfər Bayramı kimi qeyd edir.

Ümumiyyətlə, avqust Türkiyənin tarixində əlamətdar bir aydır. Məhz bu ayda Türkiyə dövlət olaraq məhv olmanın eşiyinə gəlib və bu ayda türk xalqı bütünlüklə səfərbər olaraq müstəqilliyini və dövlətçiliyini xilas edib.

Avqust 1920. Dünya müharibəsində ağır məğlubiyyətlərə düçar olan Osmanlı dövləti Paris yaxınlığındakı kiçik Sevr şəhərində masaya qoyulan təslimçi sazişə imza atır. Müharibənin qalibləri sayılan ABŞ, Britaniya və Fransanın diktəsi ilə imzalanan sazişlə tarixinin son bölümünü yaşayan qoca imperatorluq 1914-cü ilə qədərki ərazilərinin dörddə üçünü itirir, ordu və donanmasının müttəfiq ölkələr tərəfindən bölüşdürülməsinə razılıq verirdi. Sazişdə Türkiyənin şimal-şərq vilayətlərinin (Qars, Ərdəhan və s.) daşnak Ermənistanına verilməsi kimi müddəa da vardı. Bir sözlə, Türkiyə dövlətçiliyini və gələcəyini itirmiş olurdu.

Və iki il sonra bir başqa avqust. Mustafa Kamalın rəhbərliyi altında Qurtuluş savaşı aparan Türk ordusu ölkəni işğal etmiş düşmənə sarsıdıcı zərbə vuraraq Sevr sazişini tarixin zibilliyinə atdı və gələcək Cümhuriyyətin səsini dünyaya duyurdu. Bu zəfər Türkiyə xalqının 1919-cu ildə başladığı mücadilənin hərb zirvəsi, minlərlə şəhid qanı ilə suvarılan vətən torpağının düşmən tapdağından xilası idi.

Bu tarix həm də torpağının bütövlüyü, suverenliyi və dövlətçiliyi uğrunda haqq müharibəsi aparan hər bir xalq üçün böyük örnəkdir. Həmin tarixə qısa nəzər salaq.

***

1914-cü ildə I Cahan savaşına qoşulan Osmanlı imperatorluğunun ilk mərhələdə əldə etdiyi bir sıra hərbi uğurlara, o cümlədən 1915-ci ilin yazındakı möhtəşəm Çanaqqala zəfərinə rəğmən ümumilikdə bu hərbə hazır olmadığı aşkar idi. Təsadüfi deyil ki, savaşın sonrakı illərində Türkiyə üçün yalnız itkilərlə müşayiət olunurdu. Böyük imperiya nəinki əsrlər boyu əldə etdiyi əraziləri, hətta Anadolunu, indiki Türkiyə torpaqlarını itirməyə başlamışdı. Artıq 1919-cu ilin yazında ölkənin böyük hissəsi işğal edilmiş, o cümlədən yunan qoşunları Türkiyənin cənub-qərbini ələ keçirmişdilər. Mayın 15-də yunan qoşunları İzmiri işğal etdi. İstanbuldakı Osmanlı hakimiyyəti nə dövləti xilas etmək, nə də işğalın qarşısını almaq iqtidarında idi.

Belə bir şəraitdə 1919-cu il mayın 19-da Mustafa Kamal paşa Qara dəniz sahilindəki Samsundan Qurtuluş savaşına başladı. Həmin il dekabrın 27-də öz qoşunları ilə Ankaraya gəlib çıxan Mustafa Kamal bu şəhəri Türkiyə dövlətçiliyi uğrunda mübarizənin mərkəzi elan etdi.

Yeni Türkiyənin quruluşu Ankaradan başladı. Mustafa Kamal paşa 1920-ci il aprelin 23-də burada Türkiyə Böyük Millət Məclisinin çağırılmasına nail oldu, məmləkətin idarəçiliyi xalqın iradəsinə, onu təmsil edən TBMM-yə verildi. Ölkədə faktiki ikihakimiyyətlilik, daha dəqiq desək, bir tərəfdə tamamilə iflas etmiş imperatorluq hakimiyyəti, digər tərəfdə isə xalqın iradəsini bir yerə toplayaraq vətəni yağı düşməndən xilas etmək uğrunda mücadilə verənlər, Mustafa Kamalın komandanlığı altında təşəkkül tapan ordu vardı.

İstanbuldakı hakimiyyət nəyin bahasına olursa-olsun müharibədən çıxmaq üçün hər cür sazişə hazır idi. Sultan hökuməti yuxarıda qeyd etdiyimiz Sevr anlaşmasına (10 avqust 1920) razılıq verdi. Xalqın böyük əksəriyyəti bunu etirazla qarşıladı. Mustafa Kamal paşa Türkiyənin təslimçilik aktına heç vaxt razı olmayacağını bildirdi və TBMM onu  rədd etdi. Türk millətinin və Türkiyə dövlətçiliyinin var olduğunu isə, hər şeydən öncə, hərb meydanında dünyaya qəbul etdirmək gərək idi.

Qeyd etmək lazımdır ki, Mustafa Kamal paşanın rəhbərlik etdiyi Qurtuluş savaşı xronika və hərbi taktika baxımından üç mərhələyə ayrılır. 1919-cu ilin mayından 1921-ci ilin yanvarınadək dövr savaşda əsasən manevrlər və lokal hərbi əməliyyatlar dövrü kimi xarakterizə olunmuşdu. 1921-ci ilin yanvarından avqustunadək Mustafa Kamal paşa qoşunları genişmiqyaslı hərbi əməliyyatlara hazırlamaqla məşğul oldu. Bu, hərbi dildə desək, strateji müdafiə dövrü idi.

1921-ci il avqustun 22-də başlanan və sentyabrın 13-də qalibiyyətlə başa çatan Sakarya savaşı artıq Türk ordusunun manevr və müdafiə taktikasından geniş əks-hücum əməliyyatlarına hazır olduğunu nümayiş etdirdi. Sakarya uğurundan sonra Qurtuluş savaşında ard-arda qalibiyyətlər əldə edildi. O cümlədən dünya hərb tarixində müstəsna yeri olan və Qurtuluş savaşının zirvəsi olan 1922-ci ilin avqustundakı “Böyük Taarruz” (“Böyük Hücum”) əməliyyatının da hərbi nöqteyi-nəzərdən təməli Sakaryada qoyulmuşdu.

Yeri gəlmişkən, məhz Sakarya zəfərindən sonra TBMM Mustafa Kamala “qazi” adı və marşal hərbi rütbəsi verdi. Onun komandanlığı altındakı 100 minlik ordu birləşmələri vardı və o, həlledici savaşa elə 1921-ci ilin payızında, Sakarya zəfərindən dərhal sonra başlamaq istəyirdi. Lakin TBMM-in bir çox üzvləri buna qarşı idilər. Onlar türk xalqının 1914-cü ildən davam edən üzücü müharibələrdə bütün var-yoxunu itirdiyini və yeni bir məğlubiyyətin xalq üçün sarsıdıcı zərbə olacağını bildirirdilər. Üstəlik, ordunun canlı qüvvə və maddi təchizatı həlledici savaş üçün hələ yetərli deyildi. Odur ki, Mustafa Kamal paşa “Böyük Taarruz” öncəsi həm ordunu, həm də TBMM-lə bərabər bütövlükdə xalqı həlledici savaşa səfərbər etməli idi.

Bu arada yunan ordu birləşmələrində ruh düşkünlüyü başlamışdı. Sakaryada aldıqları zərbə onlar üçün çox ağır olmuşdu. Digər tərəfdən, savaş boyunca yunanlara dəstək verən Qərb dövlətləri artıq yunan komandanlığını Anadolunu tərk edərək əlindəki digər torpaqları saxlamaqla kifayətlənməyə çağırırdılar. Türk ordusunda isə 1921-ci ilin payızı və qışı, habelə 1922-ci ilin yazı döyüş hazırlığının güclənməsi ilə müşayiət olundu. Ordunun sayı 200 min nəfərə çatmışdı.

“Böyük Hücum”a qərar verilməzdən öncə Mustafa Kamal paşa iyulun 27-də Akşehirə, yunan qoşunları ilə cəbhə xəttinə gələrək vəziyyəti bir daha öyrəndi. İyulun 30-da ordu komandirləri bir daha toplandı və əməliyyatın avqustun 26-da başlanmasına qərar verildi. “Böyük Hücum”un əsas hərbi taktikası düşmənə qəfil və çox sarsıdıcı zərbə endirmək idi. Çünki hərbi əməliyyatın uzanması türk tərəfi üçün arzuolunmaz idi. Cəbbəxana və ərzaq təminatı uzun savaş üçün yetməyəcəkdi.

Nəhayət, 1922-ci il avqustun 26-da sübh tezdən qoşunlar baş komandan Qazi Mustafa Kamal paşanın əmri ilə Afyonkarahisarda düşmən üzərinə hücuma keçdi. İki gün içində yunan ordusunun beş diviziyası darmadağın edildi.

30 avqustda Türk ordusu işğalçı yunan qoşunları ilə Dumlupınar döyüşündə (Kütahya vilayəti) tarixi qələbə qazandı. Bu qalibiyyət Qurtuluş savaşında həlledici rol oynadı. Artıq yunan qoşunları döyüş qabiliyyətini itirmişdi. Türk qoşunları yüzlərlə yunan əsgərini əsir götürdü. Əsirlər arasında yunan ordusunun baş komandanı Trikopis də vardı. 30 avqustadək Eskişehir və Afyonu tamamilə nəzarətə götürən türk qoşunları baş komandandan “Ordular, hədəfiniz Aralıq dənizidir!” əmrini aldı.

Bu sırada İzmirin azad edilməsi xüsusilə strateji önəm kəsb edirdi. Çünki yunanlar onun ətrafında güclü müdafiə qurmuşdu və Egey dənizi sahilinin incisi sayılan bu şəhəri əldən vermək istəmirdilər. 31 avqustdan etibarən yunan qoşunlarını bütün cəbhəboyunca qovan Türk ordusu sentyabrın 6-7-də Balıkəsir və Aydını azad etdi. Sentyabrın 9-da ordu yunanların müdafiə xəttini yararaq İzmirə daxil oldu.

Lakin yunanlar İzmiri sakitcə tərk etmədilər və geri çəkilərkən şəhərə od vurdular. Bu işdə onlara yerli ermənilər də böyük kömək göstərdilər. Halbuki, şəhərdəki ABŞ, İngiltərə, İtaliya və Fransa konsulları yunan tərəfindən şəhərin yandırılmayacağına dair təminat almışdılar. Üç gün sürən yanğın şəhərin böyük hissəsini əhatə etdi, yüzlərlə dinc sakin yanğında öldü. Mustafa Kamal paşa buna çox üzülürdü. Amma vətən torpağı, kül içində olsa da, yağı düşməndən azad edilmişdi və bu ən böyük qalibiyyət idi.

Türk ordusu 15 günün içində 100 kilometr enində cəbhəboyunca 500-600 kilometr irəliləmiş, yunan qoşunlarının tör-töküntüləri dənizə çataraq gəmilərlə bölgəni tərk etməyə başlamışdı. 150 minlik işğalçı ordu darmadağın edilmişdi. “Böyük Hücum”da 13 min türk əsgəri Vətənin azadlığı uğrunda canını fəda etdi...

***

Zəfər türk xalqının və Türkiyənin tarixində yeni şanlı səhifə açdı. 30 avqust Zəfəri həm də yeni Türkiyənin Silahlı Qüvvələrinin simvolik doğum günü kimi tarixdə həkk olunub. Çünki məhz həmin qalibiyyətdən sonra Türk ordusu, gələcək Cümhuriyyətin ordusu öz varlığını və hərbi qüdrətini bütün dünyaya bəyan etmiş oldu. Türk xalqı yenilməzliyini dünyaya sübut etmiş, yeni Türkiyə dövlətçiliyinin təməl daşı qoyulmuşdu. İrəlidə vətən torpaqlarında suverenliyi tam bərqərar etmək missiyası dururdu. Bir il sonra, 1923-cü il oktyabrın 29-da Qazi Mustafa Kamal Türkiyə Cümhuriyyətini elan etdi. Artıq onun tarixə Atatürk kimi düşməyə tam haqqı vardı...

Vüqar Orxan