NASA-nın (ABŞ-nin Milli Aeronavtika və Kosmos Administrasiyası) “Hubble” kosmik teleskopu “Andromeda VI” kimi tanınan “Pegasus” adlı sferoid qalaktikasının şəklini çəkib. Fotoşəkildə ulduz kolleksiyası daha uzaq qalaktikaların fonunda parlayır.

Məlumatda bildirilir ki, Andromeda Süd Yolunun ən yaxın böyük spiral qalaktika qonşusudur və onun ətrafında dövr edən azı 13 kiçik qalaktikanı da əhatə  edir. Peqasus bu mini qalaktikalardan biridir. Sferoid qalaktikalar adətən qazdan məhrumdur, onların ətrafında köhnə və ortayaşlı ulduzlar üstünlük təşkil edir, yeniləri isə nadir hallarda əmələ gəlir.

Peqasus sferoid qalaktikası 1998-ci ildə kəşf edilib və öz analoqları ilə müqayisədə kiçik miqdarda ağır elementlərə və başqa bir ulduz nəslini meydana gətirmək üçün lazım olan az miqdarda qaza malik olması ilə xarakterizə olunur. Tədqiqatçılar bildirirlər ki, Andromedanın qravitasiya sahəsində ulduz əmələ gətirən qazlar cüzi miqdardadır.

Andromeda və Süd Yolu alimlərin diqqətlə müşahidə etdikləri və kifayət qədər yaxın olan yeganə qalaktikalardır, buna görə də onların tədqiqi daha asandır.

Amerikan astronomu Edvin Hubblenin şərəfinə adlandırılan və 24 aprel 1990-cı ildə kosmosa göndərilən “Hubble” teleskopu Günəş sisteminin, ekzoplanetlərin, ulduzlar və qalaktikaların öyrənilməsinə mühüm töhfələr verib.