Qırğızıstanda qanun layihəsi hazırlanıb

 

Qırğızıstanın Mədəniyyət, İnformasiya, İdman və Gənclər Siyasəti Nazirliyi mediada, internetdə və sosial şəbəkələrdə feyk xəbərlərin və dezinformasiyanın yayılmasına görə cəza tətbiq edilməsini nəzərdə tutan qanun layihəsi hazırlayıb.

Hüquqpozmalar Məcəlləsinə dəyişiklik edilməsi barədə müvafiq qanun layihəsi ictimai müzakirəyə çıxarılıb.

Sənədə əsasən, ictimai maraqların müdafiəsini təmin etmək, vətəndaşların hüquq və azadlıqlarını qorumaq, informasiya təhlükəsizliyini təmin etmək məqsədilə müvafiq dəyişikliklərin edilməsi təklif olunur.

“Yanlış məlumatlar təşvişə səbəb ola, iğtişaşlar törədə, ictimai asayişi poza, beynəlxalq münaqişələr də daxil olmaqla, təbliğat və dezinformasiya vasitəsi kimi istifadə edilə bilər”, – deyə sənəddə bildirilir.

Nazirlik Hüquqpozmalar Məcəlləsinə “Kütləvi informasiya vasitələrindən, internet saytından, internet səhifəsindən, sosial şəbəkələrdən istifadə etməklə yalan məlumatların yayılması” maddəsini əlavə etməyi planlaşdırır.

Bu maddənin pozulmasına görə fiziki şəxslər üçün 100 min som (1,1 min dollar), hüquqi şəxslər üçün 200 min som məbləğində cərimə tətbiq edilməsi təklif olunur.

Nazirlik hesab edir ki, yeni qanun qəbul olunarsa, informasiya hücumları təhlükəsi azalacaq və informasiya məkanının kənar təsirlərdən qorunması təmin ediləcək.