Ötən mövsümü premyeralar və festivallarda iştirak ilə yola salan Gəncə Dövlət Milli Dram Teatrı yeni mövsümə sentyabrın 19-da Əziz Nesinin “Toros canavarı” sosial komediyası ilə start verəcək.

Hazırda teatrda Rey Kuninin “Nömrə 13” komediyasının qurama məşqləri gedir. Tamaşanın quruluşçu rejissoru Əməkdar artist Nicat Kazımov, quruluşçu rəssamı Mustafa Mustafayevdir. Rolları Xalq artisti Pərvanə Qurbanova, Əməkdar artistlər Elxan Abbasov, Kəmalə Məmmədova, Ramiz Vəliyev, Aslan Şirin (Akademik Milli Dram Teatrından dəvətli), eləcə də aktyorlar Ruslan Hüseynov, Murad Meyfaliyev, Şəlalə Rüstəmova, Samir Abbasov, Zeynəb Hüseynova  və Elmir Məmmədov ifa edirlər.

Türk dramaturqu Birgül Gülər Yaşıloğlunun “Qadınlar danışarsa” pyesi əsasında eyniadlı tamaşasının da məşqləri gedir. Səhnə işinin quruluşçu rejissoru teatrın baş rejissoru, Prezident mükafatçısı Elşad Əhmədov, quruluşçu rəssamı Mehdi Hüseynovdur. Musiqili tamaşada rolları Xalq artisti Pərvanə Qurbanova, Əməkdar artistlər Kəmalə Məmmədova, Rahilə Məmmədova və aktrisa Sevinc Hüseynova oynayacaqlar.

Cari ilin sonuna qədər teatrda Nəcəf bəy Vəzirovun “Yağışdan çıxdıq, yağmura düşdük” komediyasının (rejissor Əməkdar incəsənət xadimi Mirbala Səlimli) və Toyqun Orbayın “İnsan oğlunun şərəfinə” (rejissor Elşad Əhmədov) dramatik tamaşalarının da təqdimatı nəzərdə tutulub.