Bu gün Azərbaycan mətbuatında özünəməxsus yeri olan “Xalq qəzeti” nəşrə başlamasının 105-ci ildönümü tamam oldu.
İlk anadilli qəzetimiz olan “Əkinçi”nin nəşrə başlamasından 44 il sonra işıq üzü görmüş bu mətbuat orqanı fasiləsiz buraxılışına görə ölkənin ən qocaman qəzeti hesab edilir.
“Xalq qəzeti” 72 il “Kommunist” adı ilə oxucularının görüşünə gəlib. 1919-cu ildən fasiləsiz olaraq fəaliyyət göstərən Azərbaycanın neçə-neçə tanınmış dövlət və ictimai xadimi, ziyalısı mətbuat aləminə ilk addımını məhz bu qəzetdə atıb. Fəaliyyəti, əsasən, eyniadlı ideologiyanın təbliğinə əsaslansa da, nəşr cəmiyyəti düşündürən hadisə və prosesləri əhatəli işıqlandırması ilə xalqın qəzeti olduğunu sübuta yetirib. Buna görə də 1991-ci ilin 27 avqustundan, SSRİ-nin tarix səhnəsindən birdəfəlik silinməsinə bir neçə ay qalmış “Xalq qəzeti” öz gerçək adına sahib çıxıb.
Xalqımızın Ümummilli lideri Heydər Əliyev ölkəmizə rəhbərliyinin hər iki dövründə qəzetin fəaliyyətinə diqqət və qayğı ilə yanaşıb. Ulu öndər 1969-cu ildə Azərbaycan KP MK-nın Birinci katibi kimi ictimaiyyət qarşısında ana dilindəki ilk çıxışını məhz qəzetin 50 illik yubileyi ilə bağlı təntənəli mərasimdə edib. Dahi şəxsiyyət müstəqil Azərbaycanda siyasi hakimiyyətə gəldiyi il gündən “Xalq qəzeti”nin fəaliyyətini xüsusi diqqətdə saxlayıb. 1994-cü ildə qəzetin nəşrə başlamasının 75 illik yubileyi münasibətilə redaksiyaya təbrik məktubu ünvanlaması bu diqqətin parlaq təzahürü idi.
“Xalq qəzeti” müstəqillik illərində müasir Azərbaycan tarixinin gerçək salnaməsini yaradıb. Cəmiyyət həyatının bütün sahələrində baş verən yenilikləri, xalqımızın tarixi-mədəni yaddaşını səhifələrinə daşıyıb. Müstəqilliyimizin ilk illərində ölkəmizin üzləşdiyi böyük problemlər, tariximizin Qarabağ yarası və s. qəzetdə geniş işıqlandırılıb. Eyni zamanda Ulu öndər Heydər Əliyevin liderliyində ölkəmizin hərtərəfli inkişafı, beynəlxalq əlaqələrin genişləndirilməsi, ordu quruculuğu kimi məsələlər qəzetin diqqət mərkəzində olub. Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın müasir inkişafının yeni mərhələsi də qəzetin səhifələrində geniş şəkildə əksini tapır.
Qəzetin kollektivi 44 günlük Vətən müharibəsi dövründə və sonrakı mərhələdə Azərbaycan həqiqətlərinin geniş auditoriyaya çatdırılması istiqamətində səylə çalışıb. Bu gün işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri, eyni zamanda soydaşlarımızın öz doğma yurdlarına qayıdışı da qəzetin diqqət mərkəzindədir.
Qəzetin nəşrə başlamasının 105 illiyi münasibətilə redaksiyanın bütün kollektivini təbrik edir, cansağlığı və yaradıcılıq uğurları arzulayırıq.