Avqustun 23-dən 28-dək Rusiya Federasiyasının Yaradıcı Sənayelər Agentliyi tərəfindən Moskva Kino Həftəsi təşkil edilib. Tədbirin iştirakçı ölkələri arasında Azərbaycan, Türkiyə, Hindistan, Çin, Cənubi Koreya, Qazaxıstan, Özbəkistan, BƏƏ və digər ölkələr yer alıblar.
Azərbaycan Mədəniyyət Nazirliyini Moskva Kino Həftəsində təmsil edən Yaradıcı sənayelər və rəqəmsal inkişaf şöbəsinin müdiri Rəşad Əzizov “Yaradıcı iqtisadiyyat” mövzusunda keçirilən panel müzakirələrə qatılıb.
O, çıxışında ölkəmizdə qrantlar və təhsil proqramları vasitəsilə mədəni və yaradıcı sənayelərin (MYS) inkişafına xüsusi diqqət ayrıldığını vurğulayıb. Bildirib ki, qrant və təhsil proqramları, gənc startapçılara dəstək göstərən Yaradıcı Mərkəzin fəaliyyəti ölkənin MYS sektorunu gücləndirmək və qlobal səviyyədə mövqeyini yüksəltmək öhdəliyini daşıyır.
R.Əzizov tədbir çərçivəsində müxtəlif ölkələrin yaradıcı sənaye nümayəndələri ilə görüşlər keçirib.
İlk dəfə keçirilən Moskva Kino Həftəsi çərçivəsində iştirakçılar yaradıcı sənaye sahəsi üzrə müxtəlif ölkələrin aparıcı layihələri ilə tanış olmaq imkanı əldə ediblər. Tədbirdə 25 ölkədən beynəlxalq kino komissiyalarının nümayəndələri, kino sənayesinin rəhbər şəxsləri və ekspertləri iştirak edib.
Qeyd edək ki, bu layihə beynəlxalq peşəkar kino ictimaiyyəti ilə Rusiya kino sənayesinin liderləri arasında qarşılıqlı əlaqələrin yaradılması üçün əlverişli platforma rolunu oynayır.