Avqustun 28-də Venesiyanın Lido adasında dünyanın ən qocaman beynəlxalq film festivalı 81-ci dəfə qırmızı xalı üzərində qonaqları qarşılayıb.

Festivalın açılışını amerikalı rejissor Tim Burtonun fentezi janrında (fantastik komediya və qorxu) “Beetlejuice 2” filmi edib. Bu, rejissorun 1988-ci ildə, 30 yaşında olarkən çəkdiyi eyniadlı fantastik komediya filminin davamıdır.

81-ci Venesiya Film Festivalının əsas mükafatı – “Qızıl şir” uğrunda yarışmanın favoritləri arasında Todd Fillipsin musiqili-psixoloji trilleri olan “Joker 2: İki nəfər üçün dəlilik” də var. Bu da amerikalı rejissorun 2019-cu ildə ekranlara çıxan “Joker” filminin davamı sayılır. Qeyd edək ki, “Joker”in premyerası 76-cı Venesiya Film Festivalında olmuş və o, baş mükafatı qazanmışdı. Budəfəki filmdə baş qəhrəmanı oynayan Joaquin Phoenixin tərəf-müqabili Ledi Qaqadır.

Festivalın əsas müsabiqə proqramında ispan rejissoru Pedro Almodovarın ilk ingilisdilli filmi, Tilda Svinton və Culian Murun çəkildiyi “Qonşu otaq” filmi də var.

Münsiflər heyətinə fransız aktisa İzabelle Huppert rəhbərlik edir.

Açılış mərasimində amerikalı aktrisa və prodüser, “Alien” və “Avatar” filmlərinin ulduzu Siqurni Uiver dünya kinosuna verdiyi töhfəyə görə fəxri “Qızıl şir” mükafatı ilə təltif olunub.

81-ci Venesiya Film Festivalı sentyabrın 7-də başa çatacaq.