Dövlət Turizm Agentliyi (DTA) və Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə ölkəmizin turizm sənayesi Hindistanın Nyu-Delhi şəhərində keçirilən (29-31 avqust) “BLTM” (“Business+Leisure Travel and MICE”) sərgisində ilk dəfə təmsil olunur.
Sərginin açılış mərasiminə Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Zenqstşmid də qatılıb.
DTA-dan bildirilib ki, sərgidə ölkəmizin ümumilikdə 9 turizm sənayesi nümayəndəsi iştirak edir.
Görüşlər zamanı Hindistanın turizm sənayesi nümayəndələri Azərbaycanda mövcud turizm məhsulları, mədəni irs, milli mətbəx nümunələri, qış turizmi və dağ-xizək mərkəzləri, şərabçılıq turizmi, sağlamlıq turizmi, ekoturizm imkanları, eləcə də Hindistanın film və toy təşkilatçılığı üzrə ixtisaslaşmış sənaye nümayəndələrinə Azərbaycanın bu istiqamətdə təklif etdiyi məhsullar haqqında ətraflı məlumat təqdim olunur.
Həmçinin Hindistanın turizm üzrə aparıcı şirkətləri ilə keçirilən B2B görüşlərdə Azərbaycanda işgüzar tədbirlərin təşkili üzrə mövcud infrastruktur və bütövlükdə ölkəmizin turizm potensialı haqqında məlumat verilir.
2024-cü ilin yanvar-iyul aylarında Azərbaycana 139 min Hindistan vətəndaşı gəlib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 151 faiz artımdır.