Bakıdakı Rus Evində tədqiqatçı Rüstəm Hüseynovun fotoqraf Sergey Prokudin-Qorskinin yaradıcılığı və onun XX əsrin əvvəllərində çəkdiyi Azərbaycanla bağlı rəngli fotoşəkillərə həsr olunmuş sərgi keçirilib və mühazirə oxunub.
Rüstəm Hüseynov Sergey Prokudin-Qorskinin istifadə etdiyi üçrəngli fotoqrafiya üsulundan, onun irimiqyaslı fotolayihəsindən, 1905-1915-ci illərdə Azərbaycanda çəkdiyi fotoşəkillərdən ətraflı danışıb. Onun arxivinin və irsinin taleyinə, tarixçilərin bu gün həmin fotoşəkillərlə bağlı tədqiqat işlərinə xüsusi diqqət yetirilib.
Mühazirəçinin sözlərinə görə, Sergey Prokudin-Qorski həyatı real şəkildə əks etdirmək məqsədinə çox böyük enerji sərf edib. Onun yaradıcılığının məhsulu olan fotoşəkillər təkcə bədii fotoqrafiya sənətinin artefaktı deyil, həm də tarix üçün əvəzsiz sübutdur, çünki fotoqraf memarlıq abidələrinə, xalq məişətinə və geyimlərə xüsusi diqqət yetirib. Azərbaycan tarixini öyrənənlər üçün Sergey Prokudin-Qorskinin irsi təkcə Bakının rəngli fotoşəkilləri ilə deyil, həm də XX əsrin əvvəllərində Azərbaycanın regionları və əhalisinin nadir təsvirləri ilə maraqlıdır.
Rüstəm Hüseynovun izah etdiyi kimi, fotoqraf Sergey Prokudin-Qorskinin əsərləri bədii dəyəri ilə yanaşı, həm də bu gün Azərbaycan tarixi üçün nadir fotosənədlər kimi böyük əhəmiyyət kəsb edir. Rəssamlıq istedadına malik olan Prokudin-Qorski hələ də Azərbaycana xas olan həmin detalları parlaq şəkildə xatırladaraq, əhalinin həyatının maraqlı eskizlərini çəkib.
Saatlı və Salyanın rəngli fotoşəkilləri, eləcə də sənayeləşmə dövrünün ilk obyektlərinin təsviri iştirakçıların daha çox marağına səbəb olub.