Xəbər verdiyimiz kimi, bu il Moldova Respublikasının Qaqauz Yeri muxtar bölgəsinin yaradılmasının 30-cu ildönümü qeyd edilir. Bu münasibətlə 19-27 avqust tarixlərində “Qaqauz rəngləri – 2024” beynəlxalq rəssamlar görüşü keçirilib. “TÜRKSOY-un rəssamlar görüşü” ənənəvi layihəsinə Qaqauz Yerinin mərkəzi Komrat şəhəri ev sahibliyi edib.
Qaqauz Yeri Baş Mədəniyyət İdarəsinin təşkilatçılığı və TÜRKSOY-un dəstəyi ilə gerçəkləşən tədbirin məqsədi Türk dünyası rəssamları arasında təcrübə mübadiləsinə şərait yaratmaq və qaqauz mədəniyyətini rəsmlərin dili ilə beynəlxalq aləmə tanıtmaqdan ibarət olub.
“Müasir Qaqauz Yeri”, “Qaqauz diyarının təbiəti”, “Qaqauz xalqının adət-ənənələri” mövzularını əhatə edən sənət görüşünə Qaqauz Yeri, Azərbaycan və Türkiyədən rəssamlar qatılıblar.
Avqustun 29-da Komrat şəhərindəki Təsviri İncəsənət Qalereyasında rəssamlar görüşünün bağlanış mərasimi və layihə çərçivəsində rəssamların ərsəyə gətirdikləri əsərlərin (ümumilikdə 39 rəsm) sərgisi keçirilib.
Nümayiş etdirilən əsərlərdə muxtar bölgənin təbiəti, mədəni irsi və s. əksini tapıb. Qaqauz Yeri Baş Mədəniyyət İdarəsinin rəisi Marina Semyonova doqquz gün davam edən tədbirin reallaşmasına verdiyi dəstəyə görə TÜRKSOY-un baş katibi Sultan Raevə təşəkkürünü bildirib: “Türk dünyası mədəniyyətinin və sivilizasiyasının qorunması, inkişafı və təbliğində əsas rol oynayan TÜRKSOY-un fəaliyyətimizdə iştirakından və dəstəyindən çox məmnunuq və bu köməyi yüksək qiymətləndiririk. Layihəyə qatılan rəssamlara yeni yaradıcılıq uğurları arzulayıram”.
Bağlanış mərasiminin sonunda layihədə iştirak edən rəssamlara Baş Mədəniyyət İdarəsinin diplom və hədiyyələri təqdim edilib. Tədbir bədii proqramla başa çatıb.