Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında hazırlanan yeni səhnə işi – “İblis və...” tamaşasının premyerası 3-4 sentyabr tarixlərində Sankt-Peterburqda – Aleksandrinski Teatrında keçirilir.
Bu, Azərbaycan teatr tarixində Aleksandrinski Teatrında premyerası keçirilən ilk səhnə əsəridir.
Aleksandrinski Teatrında premyera öncəsi Akademik Milli Dram Teatrının tarixi və yaradıcılıq yolundan bəhs edən fotosərgi də təşkil edilib.
Yeni səhnə əsərinin quruluşçu rejissoru Dövlət mükafatı laureatı, Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə, quruluşçu rəssamı Əməkdar mədəniyyət işçisi İlham Əsgərov, geyim üzrə rəssamı Vüsal Rəhim, işıq üzrə rəssamı Rafael Həsənov, bəstəkarı Azər Hacıəsgərli, məsləhətçisi Əməkdar mədəniyyət işçisi Azər Turan, rejissor assistentləri Nərmin Həsənova və Ceyran Başarandır.
Hüseyn Cavidin “İblis” faciəsinin motivləri əsasında hazırlanan tamaşanın janrı fəlsəfi-dekonstruktiv metadramdır. Qərbdə də, Şərqdə də çox araşdırılan “İblis” mövzusu Hüseyn Cavid yaradıcılığında Tanrı kоnsepsiyası ilə özünəməхsus çalarda həll edilib. Onun İnsan, İblis, Tanrı haqqında fikirləri yaradıcılığının böyük daxili qüvvəsi və mahiyyətidir.
Dördpərdəli faciənin (dekonstruksiyada birhissəli metadram) təyinat xətti dəyişərək yalnız Tanrı-İblis və İnsan xətti üzərində köklənir. Qısa desək, “İblis” pyesində ruhunu şeytana satan insanların aqibəti təsvir olunur.
“İblis və…” tamaşasında Xalq artisti Kazım Abdullayev, Əməkdar artistlər Ayşad Məmmədov, Anar Heybətov, Elnar Qarayev, Elşən Cəbrayılov, Vəfa Rzayeva, Elşən Rüstəmov, aktyorlar Ziya Ağa, Elsevər Rəhimov, Elçin Əfəndi, Lalə Süleymanova, Vüsal Mustafayev, Elçin Nurəliyev və Tural İbrahimov iştirak edirlər.
Qeyd edək ki, tamaşanın Akademik Milli Dram Teatrında premyerası 4-6 oktyabr tarixlərinə nəzərdə tutulub.