Xəbər verdiyimiz kimi, Türkiyədəki səfirliyimizin nəzdində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə qardaş ölkənin turistik şəhərləri olan Marmaris və Antalyada “Azərbaycan mədəniyyəti və sənəti günü” tədbirləri (29-31 avqust) təşkil olunub.
Bu çərçivədə azərbaycanlı sənətçilərin iştirakı ilə hər iki şəhərdə konsertlər keçirilib.
Layihə üzrə daha bir tədbir Azərbaycanın Türkiyədəki Səfirliyi və Antalya Azərbaycan Mədəniyyət və Həmrəylik Dərnəyinin dəstəyi ilə Antalya şəhərindəki Nazim Hikmət Konqres Mərkəzində açılan “Azərbaycanın təsviri sənəti” sərgisi olub.
Sərgidə rəsm əsərləri ilə yanaşı, “FR Collection” kolleksiyasına aid qadın baş geyimi – ipək kəlağayılar, milli geyimlərimiz nümayiş olunub. UNESCO-da “Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsinin Reprezentativ Siyahısı”na daxil edilən Azərbaycan kəlağayı sənətinin nümunələri xüsusilə maraqla qarşılanıb.
Tədbirdə qeyd olunub ki, Böyük İpək yolunun Azərbaycandan keçməsi, xarici ölkələrlə ticarət əlaqələri əsrlər öncə ölkəmizdə ipəkçiliyin inkişafına zəmin yaradıb, bu zəmində kəlağayı sənəti də intişar tapıb.
Sərgidə azərbaycanlı qadın rəssamlar Nailə Əhmədova, Aygün Mustafayeva, Ayan Məmmədova-Əzizova, Şəhla Baxşəliyeva-Şendal, Kamilla Eldarova, Xanım Məmmədova, Ülkər Behbudova, Raida Mustafayeva, Leyla İsayeva və Türkiyədə yaşayıb-yaradan rəssamlarımız Nüşabə Küçük və Mətanət Hüseynovanın əl işləri nümayiş olunub.
Antalya valisi Hulusi Şahin, Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov, digər rəsmilər, yerli ictimaiyyət nümayəndələri sərgi ilə tanış olublar.