İfaçılıq sənətimizin təməl daşını qoyanlardan biri də xanəndə Hacı Hüsü olub. Maraqlı səs tembri ilə seçilən sənətkar mahir ifaçılığı ilə yanaşı, muğamlarımızın təbliği və inkişafına da önəmli töhfələr verib. Bu il görkəmli xanəndənin anadan olmasının 185 illiyidir.

Hacı Hüsü Kərbəlayı Lütfəli oğlu Kazımlı 1839-cu ildə Şuşanın Çölqala məhəlləsində dünyaya göz açıb. Papaqçılıqla məşğul olan atası Şuşada yaxşı usta kimi tanınıb. O, Hüsünün təlim-tərbiyəsinə ciddi fikir verir. Oğlunu ilk olaraq molla məktəbinə qoyur. Bir müddət sonra onun məlahətli səsinin olduğu aşkara çıxır. Şuşada yaratdığı məktəbdə xanəndələr yetişdirən Xarrat Qulu Hüsünün səsini, musiqi duyumunu təkrar-təkrar yoxlayır və bəyənir. O həmin sənət məktəbində böyük həvəslə ifaçılığın sirlərini öyrənir... Hüsü şuşalılar qarşısında ilk dəfə tarzən Mirzə Sadıqcanın müşayiəti ilə “Çahargah” muğamını oxuyur və ifası alqışlarla qarşılanır. Çox keçmir səsinin şöhrəti Azərbaycanın hüdudlarını aşır.

İran hökmdarı Nəsrəddin şah 1880-ci ildə Hacı Hüsünü Təbrizə, oğlunun toyuna dəvət edir. Məşhur İran musiqiçilərinin də çıxış etdiyi toy ziyafəti başa çatanda şah tərəfindən birinci mükafat Hacı Hüsüyə verilir.

Görkəmli musiqişünas, Əməkdar incəsənət xadimi Firidun Şuşinski araşdırmasında yazır: “Azərbaycan vokal sənətinin görkəmli nümayəndəsi olan Hacı Hüsü, sözün həqiqi mənasında, böyük xanəndə olub. O, xanəndəlik sənətində yeni bir dövr açıb. Eyni zamanda bu sənəti yüksək bir məqama çatdırıb. O, nəinki muğam oxumaqda, eyni zamanda milli Azərbaycan musiqisinin bütün sahələrində böyük ustad olub. Qədim xalq musiqisini sonsuz bir məhəbbətlə sevib. Şərq, eləcə də Azərbaycan səhnəsi lirik dramatik, tenor tipli səslər çox görüb. Lakin Şərqdə Hacı Hüsünün səsi kimi hərtərəfli tembr gözəlliyinə malik ikinci bir incə və təravətli səs olmamışdır”.

Sevimli müəllimi Xarrat Qulu dünyasını dəyişəndən (1883) sonra Hacı Hüsü tanınmış maarifçi Mir Möhsün Nəvvabla görüşərək ustadının xatirəsini yaşatmaq, musiqi məclisi yaratmaq fikrini ona bildirir. Beləliklə, Şuşada “Musiqişünaslar məclisi”nin əsası qoyulur. Məclisin üzvləri, sadəcə, çalıb-oxumaqla kifayətlənmir, həmçinin muğam sənətini inkişaf etdirir və davamçılarını yetişdirirlər. Bəzi araşdırmalarda oxuyuruq ki, Hacı Hüsü ilk dəfə olaraq Şuşada “Xanəndələr ittifaqı” da yaradıb. Onun üzvləri arasında dövrün tanınmış ifaçılarından Keçəçioğlu Məhəmməd, Malıbəyli Cümşüd, Məşədi İsi, Cabbar Qaryağdıoğlu, Malıbəyli Həmid, Məşədi Məmməd Fərzəliyev və başqaları olub.

Hacı Hüsü həm də görkəmli şair, xeyriyyəçi Xurşidbanu Natəvanın çox hörmət bəslədiyi xanəndələrdən olub. Çox vaxt onun məclislərində yaxından iştirak edib. Tədqiqatlarda qeyd edilir ki, o, şamaxılı Mahmud ağanın və bakılı Məşədi Məlik Mansurovun məclislərinə də tez-tez dəvət edilib.

Hacı Hüsü Şərq klassiklərinin qəzəllərini böyük şövqlə, ilham və məhəbbətlə oxuyub. Bu səbəbdən xalq arasında “gözəllik aşiqi” adı ilə də  çağırılıb. Hətta haqqında rəvayətlər də yaranıb. O, muğamlar üzərində günlərlə, həftələrlə çalışar, ifasını təkmilləşdirər, yeni-yeni guşələr və xallar əlavə edərmiş. Mənbələrdə göstərilir ki, o, “Rast”, “Şur”, “Mahur” və başqa muğamlara maraqlı yeniliklər gətirib. Musiqişünas F.Şuşinski “Qarabağ xanəndələri” kitabında yazır ki, xanəndə “Kürdü” muğamına “Şahnaz”ı əlavə edərək birlikdə “Kürdü-Şahnaz” oxuyub.

Teatr xadimi Əməkdar artist Cəlil bəy Bağdadbəyov “Qarabağ xanəndələri haqqında xatirə” kitabında yazır: “Hacı Hüsü oxuyarkən uzaq məhəllələrdən gəlib bu cazibəli səsə qulaq asardılar. Onun uzun nəfəsi, bənzərsiz zənguləsi var idi...”.

Mənbələrdə bildirilir ki, imkanlı bir şuşalı Moskva şəhərində oğluna toy edir. Hacı Hüsü də öz dəstəsi ilə həmin məclisə dəvət olunur. Məclisin maraqlı bir vaxtında xanəndədən “Qarabağ şikəstəsi” oxuması xahiş edilir. 

Hacı Hüsü zilə çəkib oxuyur:

Mən aşiqəm, Qarabağ,
Qara salxım, qara bağ,
Aləm cənnətə dönsə,
Yaddan çıxmaz Qarabağ...

Xanəndə ifasını başa çatdırır. Məclisdə iştirak edən bir professor ayağa qalxıb deyir: 

– Ağalar, biz ömrümüzü musiqiyə həsr etmişik. İnsanda incə, təravətli səs nadir hadisədir. Ancaq xanəndənin səsi inandırıcı deyildir...

Məclisdə qızğın mübahisə olur. Vəziyyəti belə görən məclis sahibi qonaqları sakitləşdirib deyir:

– Mübahisə nəyə lazımdır? Əgər xanəndənin səsinə şübhəniz varsa, yoxlaya bilərsiniz.

Məclisdə əyləşən bir həkim xanəndənin boğazına baxır. Danışmır və sakitcə qayıdıb yerində əyləşir. Hacı Hüsü bir daha alqışlanır...”.

Görkəmli sənətkar səsinin coşub-çağlayan vaxtlarında Həcc ziyarətinə gedir. Bundan sonra şəhərdə toy məclislərində oxuması bəzi dindarlar tərəfindən  birmənalı qarşılanmır, hətta onu təhdid edənlər də olur... Hacı Hüsü sənətə çox bağlı insan idi və oxumamaq onun üçün ölümə bərabər olardı. Şəhərdə böyük nüfuz sahibi ruhanilərlə üz-üzə gəlmək üçün xeyli vaxt Gövhər ağa məscidində azan çəkir. O, içindəki yanğını minacatla söndürür. Hərdən minbərdə əvvəlki kimi ucadan “Segah” oxuyur. Bəzən də zilə qalxır və zəngulələri ilə hər kəsi kədərləndirir. Günləri xeyli vaxt ziddiyyətli anlarla müşahidə olunur. Bütün bunlara tab gətirə bilməyən Hacı Hüsü Şuşadan getmək qərarına gəlir. Görkəmli sənətkar bir gün yır-yığış edib Türkmənistanın Aşqabad şəhərinə köçür. Lakin onun bu şəhərdə gün-güzəranı heç də yaxşı keçmir. Ehtiyac içində yaşasa da, geriyə qayıda bilmir...

Muğam ifaçılığı tarixində silinməz iz qoyan Hacı Hüsü 1898-ci ildə, 59 yaşında Aşqabadda vəfat edib.

Savalan Fərəcov