Azərbaycan Milli Xalça Muzeyinin kolleksiyaları ildən-ilə qiymətli sənət nümunələri ilə zənginləşir. Xəbər verdiyimiz kimi, bu yaxınlarda muzeyin yeni binada fəaliyyətə başlamasının 10 illiyi münasibətilə daha dörd xalça vətənə qaytarılıb. Onlardan biri italiyalı kolleksiyaçı Mirko Kattaidən əldə olunan Qazaxın “Şıxlı” xalçasıdır.
Muzeydən bildirilib ki, bu unikal sənət nümunəsi “Şıxlı” kompozisiyası əsasında bənzərsiz bədii quruluşda toxunub. O, şəkəri rəngli ara sahə və üçhissəli haşiyə zolağından ibarətdir. Qazax qrupunun ən parlaq nümunəsi olan xalçada ara sahənin mərkəzi oxu boyunca ulduz və romb formalı iri göl elementləri əksini tapıb. Köməkçi elementlər kimi kənarları qarmaqlı rombşəkilli və ulduzu xatırladan həndəsi motivlərdən istifadə edilib. Xovunun yumşaqlığı, həndəsi elementləri, sumağı, yaşılımtıl, açıq-sürməyi tonlar bölgənin toxuculuq ənənəsini özündə yaşadır. Bu xalça nadir nüsxədir və belə bədii quruluşlu xalçalar vaxtilə ölkəmizdən ixrac olunduğu üçün onlara Azərbaycan Milli Xalça Muzeyinin və digər muzeylərimizin kolleksiyalarında rast gəlinmir. Belə möhtəşəm bir sənət nümunəsinin ölkəmizə qaytarılması tarixi, bədii və elmi dəyər baxımından müstəsna əhəmiyyətə malikdir.
Avropa sənətşünasları XIX əsrin sonu – XX əsrin əvvəlinə aid “Şıxlı” xalçasını onun mərkəzində yer alan səkkizguşəli ulduz təsvirinə görə “Star Gazak” (“Qazax ulduzu”) adlandırırlar.
Qeyd edək ki, bu cür kompozisiyalı xalçalar Nyu-Yorkun Metropoliten Muzeyi (ABŞ) və Kalqari Universitetinin (Kanada) Nikl Qalereyasında qorunur. Avropalı tədqiqatçılar Maykl Frensis və Robert Pinner bu xalçalar üzərində tədqiqat işləri aparıblar.
Xatırladaq ki, “Şıxlı” xalçası Azərbaycan Milli Xalça Muzeyinə italiyalı kolleksiyaçı Mirko Kattai tərəfindən təqdim olunub.
Lalə