Xəbər verdiyimiz kimi, Özbəkistanın Səmərqənd şəhərində XIII “Şərq təranələri” Beynəlxalq Musiqi Festivalı çərçivəsində 27-28 avqust tarixlərində “Şərq xalqlarının musiqi mədəniyyəti: qloballaşma şəraitində yaradıcı harmoniya prinsipləri” mövzusunda beynəlxalq elmi-praktik konfrans da keçirilib.
Konfrans zamanı Türkiyə, Qazaxıstan, Azərbaycan, Özbəkistan və Qırğızıstanın incəsənət profilli universitetləri rektorlarının görüşü olub. Toplantıda türk respublikaları arasında incəsənət təhsili sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub.
İclasın yekunu olaraq TÜRKSOY-un nəzdində “Türk dövlətlərinin incəsənət universitetləri ittifaqı”nın yaradılması haqqında qərar qəbul edilib. Bildirilib ki, bu qurumun formalaşdırılması ilə qardaş respublikaların incəsənət universitetləri arasında inteqrasiya prosesləri sürətlənəcək, qeyd olunan sahə üzrə təhsil ocaqlarının əlaqələri dərinləşəcək.