Xəbər verdiyimiz kimi, 28 avqust – 7 sentyabr tarixlərində 81-ci Venesiya Film Festivalı keçirilir. Festivalda Azərbaycan Respublikası Kino Agentliyinin (ARKA) rəhbərliyi də iştirak edir.

Azərbaycan kinematoqrafiyası tarixində ilk dəfə iki ekran işi – Vətən müharibəsi haqqında rejissor Emin Əfəndiyevin “Tənha insanın monoloqu” və XX əsrin görkəmli Azərbaycan memarları Mikayıl Hüseynov və Sadıq Dadaşov haqqında rejissor Şamil Əliyevin çəkdiyi “Yaradanlar” filmləri festival çərçivəsində nümayiş olunub. 

Festival gedişində ARKA-nın keçirdiyi müsabiqədə qalib olmuş layihələrin xarici şirkətlərlə birgə istehsalı üçün prodüserlərin cəlb edilməsi ilə bağlı təqdimatlar olub. Rejissor İlqar Nəcəfin “Quşlar susanda” film layihəsi və ARKA-nın maliyyə dəstəyi ilə çəkiləcək digər film layihələri xarici prodüserlərə təqdim olunub.

Venesiya Film Festivalı xarici kino şirkətləri və prodüserlərlə təmaslar qurmaq baxımından olduqca əhəmiyyətli platformadır.

Qeyd edək ki, azərbaycanlı rejissor Hilal Baydarovun “Səpələnmiş ölümlər arasında” bədii filmi 2020-ci ildə keçirilən 77-ci Venesiya Film Festivalının əsas müsabiqə proqramında yer almışdı.