Milli Kitabxananın dövri mətbuat arxivindən (24)

 

Sentyabr sənət aləmində yeni mövsümün ilk ayıdır. Ölkəmizin teatrları da pərdələrini açmağa hazırlaşır. Yaradıcı kollektivlərin planları çoxdur. Bəs, görəsən, yarım əsr öncə teatrlarda mövsümqabağı nə yeniliklər vardı. Mətbuat xronikasından növbəti seçmədə 54 il əvvələ qayıdırıq...

 

Yeni teatr mövsümü

 

Yaxın günlərdə teatrlar öz işıqlarını yandıracaqlar. Təzə mövsümdə teatrlarımızın həyatında nə kimi yeniliklər baş verəcəkdir? Redaksiyamız bu sualla teatrların rəhbərlərinə müraciət etmişdir.

 

T.Kazımov, M.Əzizbəyov adına Azərbaycan Dövlət Akademik Dram Teatrının baş rejissoru.

 

– Hər şeydən əvvəl, qeyd etməliyik ki, teatr respublikamızın 50 illiyini yeni tamaşa ilə qeyd edəcəkdir. Biz bayram tamaşamızı Sabit Rəhmanın “Küləklər” pyesi əsasında hazırlayırıq. Məqsədimiz şən, məzəli və eyni zamanda inqilabi ruhu ilə səciyyələnən bir səhnə əsəri yaratmaqdır.

Teatr sənəti qarşısında duran yaradıcılıq problemlərinin hamısı eyni dərəcədə vacibdir. Məhz buna görə də dramaturgiya məsələsini yeni aktyor və yeni rəssam problemlərindən ayırmaq olmaz. Həmişə olduğu kimi, bu il də həmin məsələlərin müvəffəqiyyətli həlli uğrunda çalışmaq lazım gələcəkdir. Keçən illərə nisbətən bu il müasir mövzulu pyeslərimiz daha çox olacaqdır.

Biz müasir pyeslərin səhnə təcəssümü ilə yanaşı, milli, klassik dramaturgiyamızı da unutmuruq. Bu sahədə axtarışlar aparır və klassiklərimizin əsərlərinin müasir, daha dolğun səhnə həlli haqqında ciddi düşünürük.

İbsen, Hauptman və başqa nəhəng dramaturqların əsərlərini tamaşaya qoymaqla biz teatrımızın tərcümeyi-halını daha da zənginləşdirə bilərik. Bu məqsədlə Yuqoslaviyanın məşhur dramaturqu B.Nuşiçin “Nazir xanımı” komediyasını hazırlamışıq. Bu yaxınlarda teatrın həmin məhsulu tamaşaçıların mühakiməsinə təqdim ediləcəkdir.

 

S.Səidova, M.F.Axundov adına Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının direktoru.

 

– 1970-ci il teatrımız üçün uğurlu olmuşdur. Fransaya qastrol səfərimizi xatirinizə salın. Kollektimiz çox məsul bir imtahan qarşısında idi. Aktyorlarımız bu imtahandan fərəhlə çıxdılar.

Bu ilin ikinci xoş hadisəsi ukraynalı dostlarımızla görüşümüzdür. Teatrın kollektivi bir ay yarımdan artıq Kiyevin T.Q.Şevçenko adına Opera və Balet Teatrı binasında çıxış etdi.

Bu ilin üçüncü xoş hadisəsi odur ki, il yarımlıq əsaslı təmir işlərindən sonra sentyabrın 18-də teatrımızın pərdəsi açılacaqdır. Həmin gün Azərbaycan sovet musiqisinin banisi Üzeyir Hacıbəyovun anadan olması gününə təsadüf edir. Bu dəfə də teatrımız öz ənənəsinə sadiq qalaraq bəstəkarın “Koroğlu” operasını göstərəcəkdir.

Hər yeni mövsüm teatrın yaradıcı kollektivi qarşısında yeni tələblər qoyur. Bu ilki tələblər daha məsuliyyətlidir. Onu deyim ki, zəhmətkeşlər bu il yeni opera tamaşalarına baxacaqlar. Bu, bəstəkar Ə.Bədəlbəylinin “Söyüdlər ağlamır” operasıdır. İkinci yeni tamaşa A.Xolminovun “Nikbin faciə” operasıdır.

P.Çaykovsinin “Qaratoxmaq qadın”, S.Prokofyevin “Monastırda nişanlanma”, S.Ələsgərovun “Bahadır və Sona”, R.Mustafayevin “Vaqif” operaları yenə də repertuarda öz yerini tutacaqdır.

Balet tamaşalarımızdan Q.Qarayevin yeni quruluşda “Yeddi gözəl” baleti, həmçinin “İldırımlı yollarla”, “Leyli və Məcnun”, F.Əmirovun “Şur”, R.Hacıyevin “Azərbaycan süitası”, T.Bakıxanovun “Xəzər balladası”, F.Qarayevin “Qobustan kölgələri” tamaşaları da afişalarımızı zinətləndirəcəkdir.

 

B.Qasımov, M.Qorki adına Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının direktoru.

 

– Yeni teatr mövsümündə repertuarımızı nəzərdən keçirmiş, onun rəngarəng olması, təzə əsərlərlə zənginləşməsi üçün müəyyən işlər görmüşük. Hazırda Azərbaycan bölməsi E.Voyniçin “Ovod” romanının yeni səhnə variantını tamaşaya hazırlayır. H.Soltanovun rejissorluğu ilə hazırlanan bu əsər qarşıdakı yubileyə həsr edilir. Həmin bölmə A.Şaiqin “Gözəl bahar”, İ.Coşqunun “Rüstəm və Zöhrab” əsərləri üzrə yeni tamaşalar hazırlamağı nəzərdə tutmuşdur.

Rus bölməsində A.Lindqrenin “Uzuncorab Peppi”, A.Şagiyanın “İstəkli balam”, Q.Mamlinin “Salam, dost!”, A.Lourensin “Veytsad əhvalatı” əsərləri builki repertuara daxil edilmişdir.

Dramaturqlarla yaradıcılıq əlaqəmizi daha da möhkəmlətmək məqsədilə bu yaxınlarda teatrda yazıçılarla görüş keçirilmişdir. Hazırda yazıçılarımızdan Y.Əzimzadə, R.İsmayılov, C.Məmmədov yeni əsərlər üzərində işləyirlər. Lakin üç əsərin yazılması çox azdır. Buna görə də teatrımızın Azərbaycan bölməsində əsər çatışmır.

Arzu edirəm ki, dramaturqlarımızın teatrla əlaqəsi daha da möhkəmlənsin.

“Kommunist” qəzeti, 9 sentyabr 1970-ci il