Azərbaycan Dövlət Akademik Musiqili Teatrında 115-ci teatr mövsümünün başlanması ilə əlaqədar kollektivin geniş tərkibli toplantısı keçirilib.
Teatrdan bildirilib ki, sənət ocağının direktoru Əməkdar incəsənət xadimi Əliqismət Lalayev yeni mövsüm münasibətilə kollektivi təbrik edib.
Teatr rəhbəri bildirib ki, ötən mövsüm kollektiv üçün bir çox əlamətdar hadisələrlə yadda qalıb. Müxtəlif tamaşalar hazırlanıb, teatrın yaradıcı heyəti respublikamızda keçirilən tədbirlərdə, eləcə də xarici ölkələrdə təşkil olunan bir sıra festivallarda uğurla iştirak edib. Yeni mövsüm də bu baxımdan istisna olmayacaq.
Diqqətə çatdırılıb ki, Akademik Musiqili Teatr 10–16 sentyabr tarixlərində Belarus Respublikasının Brest şəhərində keçiriləcək 28-ci “Belaya Veja” Beynəlxalq Teatr Festivalında “Aysedora” (müəllif Zinovı Saqalov, quruluşçu rejissor Cavid İmamverdiyev) tamaşası ilə çıxış edəcək.
Bundan əlavə, teatrın vokal artisti Rauf Babayev sentyabrın 21-22-də Qazaxıstanın Karaqanda şəhərində keçiriləcək “DosStar” XIII Açıq Operetta və Müzikl Festivalına qatılacaq. O, festivalda macar bəstəkarı Emre Kalmanın “Sirk şahzadəsi” operettasında oynayacaq (Toni obrazı), həmçinin festivalın qala-konsertində iştirak edəcək.
Teatrın direktoru kollektivin bu ilin sonunadək Gəncə, Lənkəran və Şəki şəhərlərinə də qastrol səfərlərinin nəzərdə tutulduğunu deyib. Toplantıda gələcək layihələr barədə fikirlər səsləndirilib, müzakirələr aparılıb.