Şəki Dövlət Dram Teatrında yeni mövsüm sentyabrın 14-də Xalq yazıçısı İlyas Əfəndiyevin “Sən həmişə mənimləsən...” (“Boy çiçəyi”) tamaşası ilə açılacaq.
İkihissəli lirik-psixoloji tənhalıq dramının quruluşçu rejissoru Elvin Nuri, quruluşçu rəssamı Sahib Əhmədov, geyim üzrə rəssamı Günay Hidayətova, musiqi tərtibatçısı Zeynəb Xəlilovadır. Rolları Əməkdar artist Rəhim Qocayev, aktyorlar Aytac İsmayılzadə, Lalə Məmməd, Xəyal Salahov və Nərmin Abbasova ifa edirlər.
Teatrda görkəmli dramaturq Altay Məmmədovun “Ulduzlar görüşəndə” əsəri əsasında tamaşanın məşqlərinə başlanılıb. Quruluşçu rejissor Hüseyn Hüseynli, quruluşçu rəssam Sahib Əhmədov, baletmeyster Elvin Nuri, musiqi tərtibatçısı Zeynəb Xəlilovadır. Səhnə əsərində Əməkdar artistlər Xanlar Həşimzadə, Rəhim Qocayev, aktyorlar Xəyal Salahov, Elvin Mabudov, Rəsul Məmmədrəhimov, Fərahim Fətəliyev, Nərmin Abbasova, İlkin Rüstəmov, Pərviz İsmayılov, Rəşad Rüstəmov, Rəşid Mirizadə, Qurban Rəsulov, Azad Məmmədov və digərləri rol alıblar.
Tamaşanın premyerası noyabr ayına nəzərdə tutulur.
***
Qusar Dövlət Ləzgi Dram Teatrı yeni mövsümünü sentyabrın 12-də türk dramaturq Turqut Özakmanın “Adət” tamaşası ilə açacaq. Birhissəli məişət dramının quruluşçu rejissoru Xəzər Gəncəli, quruluşçu rəssamı Marina Mahmudova, musiqi tərtibatçısı Şaiq Qardaşovdur.
Qusarlı teatr təmsilçiləri repertuar planı üzrə ilin sonunadək iki yeni səhnə əsərini də tamaşaçıların ixtiyarına verəcəklər.
Mirzə Fətəli Axundzadənin “Hacı Qara” komediyasının premyerası sentyabr ayının sonlarına, Avqsenti Saqarelinin “Xanuma” komediyasının ilk nümayişi isə dekabra nəzərdə tutulub.
***
Qax Dövlət Kukla Teatrı 53-cü mövsümünə sentyabrın 17-də yazıçı-dramaturq Vüqar Haqverdiyevin “Qarınqulu ayı balası” nağıl tamaşası ilə başlayacaq. Teatrın aktyoru Araz Mehrablı tərəfindən hazırlanan tamaşanın quruluşçu rəssamı Fidan Səbrili, musiqi tərtibatçısı Nicat Fətəliyevdir.
Repertuar planına uyğun olaraq hazırda “Pinokkionun sərgüzəştləri” tamaşası üzərində yaradıcılıq işi davam edir. Çingiz Ələsgərlinin səhnələşdirməsinə (Karlo Kollodinin məşhur əsəri əsasında) teatrın baş rejissoru Əməkdar artist Yusif Abdurahmanov quruluş verir. Birhissəli uşaq tamaşasının quruluşçu rəssamı F.Səbrili, musiqi tərtibatçısı isə N.Fətəliyevdir.
İlin sonunadək Vladimir Orlovun “Qızıl cücə”si də səhnəyə çıxacaq. Bu tamaşanın da rejissoru A.Mehrablı, rəssamı F.Səbrili, musiqi tərtibatçısı N.Fətəliyev olacaq.
***
Ağdam Dövlət Dram Teatrı sənətsevərlərlə görüşünü sentyabrın 17-də “Mübariz” tamaşası ilə edəcək. Yerli müəlliflərdən Şahnaz Şahinin Milli Qəhrəman Mübariz İbrahimov və onun timsalında Qarabağ müharibəsi qəhrəmanlarına ithaf etdiyi pyesə teatrın baş rejissoru Kərim Həsənov quruluş verib. Birhissəli tamaşanın quruluşçu rəssamı Müşfiq Qarayev, musiqi tərtibatçısı Azər Şükürov, rejissor assistenti Ceyhun Yusifovdur.
İlin sonunadək iki yeni tamaşa da hazırlanacaq. Əbdürrəhim bəy Haqverdiyevin ”Yeyərsən qaz ətini, görərsən ləzzətini” komediyasına Elmir Hümbətov quruluş verib. Quruluşçu rəssam Qönçə Həzizadə, musiqi tərtibatçısı Azər Şükürovdur.
Çingiz Ələsgərlinin ”Olmayanlar olanda” pyesi (rejissor K.Həsənov) Ağdam səhnəsində özünün səhnə həyatını yaşayacaq.
Ağdam teatrının Bakıya, həmçinin Biləsuvar, Sabirabad, İmişli və Lənkərana qastrolları da planlaşdırılır.
***
Lənkəran Dövlət Dram Teatrı 134-cü mövsümə sentyabrın 18-də Məmmədhüseyn Əliyevin “Prokuror” əsərinin tamaşası ilə başlayacaq. Anar Babalı və Oruc Qurbanovun quruluş verdiyi tamaşa ötən mövsümdə hazırlanıb.
Sənətsevərləri zəngin repertuarı ilə cəlb etməyə çalışan Lənkəran teatrı sentyabrın sonlarına üç premyera nəzərdə tutub. Bunlar Atol Fuqardın “Dimetos” (quruluşçu rejissor Nicat Mirzə, bəstəkar Azər Hacıəsgərli, rəssam Aydan Əliyeva), Təranə Vahidin “Mən toz dənəsiyəm” (monotamaşa; rejissor Emil Əskərov, rəssam Tərlan Sadiqov) və Rəhman Əlizadənin “Günah” (rejissor Anar Babalı, rəssam Fuad Hüseynov) əsərləridir.
Oktyabr ayının sonlarına isə yazıçı Cavid Zeynallının “Tanrı quşu gəlmədi” dramı teatrın baş rejissoru Anar Babalının quruluşunda təqdim olunacaq. Musiqi tərtibatçısı Aydan Əliyeva, rəssam Nərgiz Baxşızadədir.
***
Salyan Dövlət Kukla Teatrı mövsümünü 21 sentyabrda Ələkbər Hüseynovun “Xoşbəxtlik quşu” tamaşası ilə açacaq. Tamaşanın quruluşçu rejissoru Laləzar Hüseynova, quruluşçu rəssamı Ceyhun Rüstəmbəyli, musiqi tərtibatçısı Elvin İsayevdir.
Repertuar planı üzrə Firuz Mustafanın “Qaranlığı qovanlar” pyesi sentyabr ayının sonlarında, Azərbaycan xalq nağılları əsasında hazırlanan “Cırtdan” tamaşası oktyabrın sonlarında, Üzeyir Hacıbəylnini “Arşın mal alan” operettası isə (böyüklər üçün kukla tamaşası) dekabrın əvvəllərində premyerasını edəcək.
***
Gəncə Dövlət Kukla Teatrı 39-cu mövsümünə qastrol səfəri ilə başlayır. Yaradıcı heyət sentyabrın 11-də Bülbülün Şuşadakı ev-muzeyinin dəstəyi ilə muzeyin həyətində qurulan səhnədə Üzeyir Hacıbəylinin “Məşədi İbad” tamaşasını təqdim edəcək.
Kukla tamaşasına Əməkdar artist Rauf Avşarlı quruluş verib.
Sentyabrın 17-də isə teatrda ötən mövsümdə məşqləri başlanmış “Milçək Vizilçək” (Korney Çukovski) tamaşasının premyerası olacaq. Birhissəli kukla tamaşasının quruluşçu rejissoru Zülfiyyə Əliyevadır.
Sentyabrın sonlarında isə Rauf Avşarın quruluşunda “Məhəbbət dastanı” adlı pantomim kukla tamaşasının premyerası nəzərdə tutulub.
Gəncəli kuklaçılar 21-24 oktyabr tarixlərində Qazaxıstanın Almatı şəhərində keçiriləcək festivala qatılacaqlar. “Almatı Kukla Festivalı – 2024”də “Ana qaz” tamaşası (Rəsul Rza) göstəriləcək.
Yaradıcı heyət Osman Ümmanın “Xoruzun hikkəsi” mənzum nağılı əsasında tamaşanı (rejissor Şamil Məmmədli) da yaxın günlərdə təhvil verilməyi planlaşdırır. Bundan əlavə, alman xalq nağılı əsasında Fərmail Paşayev və Zülfiyyə Əliyevanın səhnələşdirdiyi “Üç donuz balası” tamaşası balacaların ixtiyarına veriləcək.
***
Qazax Dövlət Dram Teatrı yeni mövsümü 12 sentyabrda Əli Əmirlinin "Onun iki qabırğası" komediyası ilə açacaq. Tamaşaya teatrın baş rejissoru Əməkdar artist Musa Eyyubov quruluş verib.
Musa Eyyubov yazıçı-dramaturq Əli Əmirlinin "Şəhid atası" pyesinə də səhnə həyatı verəcək. İlk nümayiş Zəfər Günü – noyabrın 8-də olacaq.
Bundan əlavə, teatrın repertuar planına uyğun olaraq, Qilyermo Fiqeredonun "Ezop" əsərinin məşqlərinə başlanılıb. Əməkdar artist Xəzər Gəncəlinin quruluşunda hazırlanan tamaşanın premyerası dekabr ayına nəzərdə tutulub.
Qazax teatrı Mədəniyyət Nazirliyinin təşkil edəcəyi növbəti Monotamaşalar festivalına da hazırlaşır. Festivalda Semuel Bekketin "Sözsüz əməl" pyesi əsasında "Səmirsiz" tamaşası göstəriləcək. Səhnə əsərinə Akademik Rus Dram Teatrından dəvət olunmuş rejissor Abdulla Elşadlı quruluş verib.
Həmçinin teatrın Türkiyənin Ankara şəhərində oktyabr ayında keçiriləcək festivalda "Love butik" tamaşası ilə iştirakı nəzərdə tutulub.
***
Füzuli Dövlət Dram Teatrı 35-ci mövsümə sentyabrın 20-də “Adsız” tamaşası ilə başlayacaq. Yazıçı-dramaturq Firuz Mustafanın eyniadlı pyesi əsasında hazırlanan tamaşaya teatrın baş rejissoru Əməkdar artist Asif Şirinov quruluş verib. Quruluşçu rəssam Ellinaz Balaşova, musiqi tərtibatçısı Sənan Sevindikzadədir.
Əlilliyi olan gəncin cəmiyyətə münasibəti və ümumilikdə həssas qrupdan olan insanların duyğu-düşüncələrindən bəhs edən tamaşanın ideyası insanların günahı kənarda deyil, öz içində axtarmasıdır.
Rolları Vüqar Babayev, Xurşud Babayeva, İntizar Quliyeva, Qaçaq Qarayev, Əli Hüseynov ifa edirlər.
Sənət ocağında Xalq yazıçısı Kamal Abdullanın “Bir, iki-bizimki!” pyesi əsasında tamaşa da hazırlanır. Səhnə işinin quruluşçu rejissoru Nicat Mirzə, rəssamı E.Balaşova, musiqi tərtibatçısı Ziyad Süleymanovdur.
Nəcəf bəy Vəzirovun “Ağa Kərim xan Ərdəbili” əsəri də ilin sonunadək tamaşaçıların qarşısına çıxacaq. Tamaşaya teatrın A.Şirinov quruluş verir. Quruluşçu rəssam E.Balaşova, musiqi tərtibatçısı Z.Süleymanovdur.
Hazırladı: Həmidə