Aşıqlar Birliyinin daha bir layihəsi yekunlaşıb

 

Azərbaycan Aşıqlar Birliyinin (AAB) Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə köməyi ilə həyata keçirdiyi “Çağdaş Qərbi Azərbaycan aşıqlarının musiqi repertuarı” adlı layihə çərçivəsində audiodisk hazırlanıb.

Sentyabrın 5-də Aşıqlar Birliyində albomun təqdimatı oldu.

Qonaqları salamlayan AAB-nin sədri Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı layihənin əhəmiyyətindən söz açdı, Qərbi Azərbaycan aşıq mühitlərinin öyrənilməsinə və təbliğinə bundan sonra da diqqət yetiriləcəyini vurğuladı.

Bildirildi ki, aşıq sənətinin tədqiqatçıları və gənc aşıqlar üçün dəyərli vəsait olan albomda 24 aşıq havası yer alıb. Bu ifaları əslən Qərbi Azərbaycandan olan Əməkdar mədəniyyət işçiləri Fətulla Göyçəli və Bəhmən Göyçəli, eləcə də Faxfur Ağbabalı, Ələddin Musaoğlu, Xanlar Xəlilov, İmran Xəlilov, İxtiyar Qocayev, Vaqif İbrahimov kimi ustad aşıqlarla yanaşı, Rəfiqə Göyçəli, Nərmin Salahova, Familə Göyçəli, Elməddin Bayramlı, İmralı Fikrətoğlu, Ləman Mirzəyeva, Ayaz Əzizoğlu və digər gənc istedadlı aşıqlar səsləndiriblər.

AAB-nin katibi, layihənin rəhbəri Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu albom hazırlanarkən əslən Qərbi Azərbaycandan olub, ötən əsrin sonlarında öz dədə-baba yurdlarından didərgin salındıqdan sonra respublikamızın müxtəlif guşələrində məskunlaşmış aşıqlarımızın musiqi repertuarına diqqət yetirildiyini diqqətə çatdırdı.

Bildirdi ki, layihə həyata keçirilərkən Qərbi Azərbaycanda yaradılmış və bu bölgənin aşıq mühitləri ilə bağlı olan havalarına, mətn seçimində isə Vətən və vətənpərvərlik, Qərbi Azərbaycandakı yurd yerlərimizlə bağlı bədii nümunələrə üstünlük verilib. Həmçinin Qərbi Azərbaycanın Göyçə, İrəvan, Zəngəzur, Dərələyəz, Ağbaba, Loru-Pəmbək kimi aşıq mühitləri əhatə olunub.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti, filologiya üzrə fəlsəfə doktoru Altay Məmmədli, göyçəli ziyalılar Şakir Səmədoğlu və Yusif Ağbulaqlı çıxışlarında albomun ərsəyə gəlməsində əməyi keçənlərə təşəkkür etdilər.

Sonra söz musiqiyə verildi. Aşıqlar İmran Xəlilov, Qurban Əliyar, Xanlar Xəlilov, Faxfur Ağbabalı, Səhənd Əliyar, Ləman Mirzəyeva, eləcə də “Çeşmə” folklor qrupu və Sumqayıt şəhər Bülbül adına 2 nömrəli Uşaq incəsənət məktəbinin şagirdləri Nuran Məhərrəmov, Röyal Məmmədov aşıq havalarını ifa etdilər.

Qeyd edək ki, hazırlanmış albom aşıq sənətinin tədris olunduğu təhsil ocaqlarına pulsuz veriləcək. Albomdan həmçinin aşıq sənətinin tədqiqatçıları və musiqişünaslar da bəhrələnə biləcəklər.

Nurəddin