Hələlik 6 ixtisas üzrə 24 şagird təhsil alacaq
2024/2025-ci tədris ilindən etibarən Füzuli şəhərindəki Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzində incəsənətin müxtəlif sahələri üzrə davamlı tədris həyata keçiriləcək.
“Böyük Qayıdış” proqramı çərçivəsində Bakı və digər rayonlardan doğma yurdlarına köçən sakinlərin övladları üçün yeni tədris ilində fortepiano, qanun, qarmon, tar, violin və rəqs ixtisasları üzrə tədrisə başlanılacaq.
Proqram çərçivəsində ilk olaraq 24 şagird təhsilə cəlb ediləcək. Beş təcrübəli müəllim onlara sənətin sirlərini öyrədəcək. Növbəti mərhələlərdə digər sakinlərin Füzuliyə qayıdışı ilə, təbii olaraq, şagirdlərin sayı da artacaq.
Qeyd edək ki, Qazaxıstan Respublikası tərəfindən inşa olunan və bu ilin mart ayında istifadəyə verilən Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi Füzuli şəhərində uşaq və yeniyetmələrin yaradıcılıq qabiliyyətlərini ortaya qoymalarına, incəsənət sahəsində biliklərə yiyələnmələrinə münbit şərait yaradacaq.
Ötən müddətdə Mədəniyyət Nazirliyinin bilavasitə təşkilatçılığı ilə yaradıcılıq mərkəzində şagirdlər üçün müxtəlif sənət növləri üzrə təlimlər keçirilib, eyni zamanda məktəblilər üçün yay düşərgəsi gerçəkləşdirilib.