Azərbaycan Milli Xalça Muzeyinin Şuşa filialı iki yeni sənətkarlıq nümunəsi ilə zənginləşib.

Şuşa sakini Sahib Həsənov nənəsi ilə anasının 1959-cu ildə birgə toxuduğu “Bağçada güllər” xalçasını və XIX əsrin ortalarına aid məfrəşi filiala hədiyyə edib.

Öz xatirələrini bölüşən S.Həsənov bildirib ki, 1-ci Qarabağ müharibəsindən öncə bu xalça Şuşada onların evlərinin divarını bəzəyib: “Şəhər işğal olunanda ailəmiz üçün ən əziz əşya kimi onu da Bakıya apardıq. Xalçanın üzərində nənəmin və anamın adlarının baş hərfləri “Ə” (Əzət) və “S” (Səltənət) yazılıb. Xoşbəxtik ki, uzun illər sonra doğmalarımdan yadigar qalan bu xalça da bizimlə bərabər öz yurduna qayıtdı. Düşünürəm ki, ən doğru addım onu muzeyə bağışlamaqdır. Qoy bura gələn turistlər görsünlər ki, Azərbaycan qadınları nələr yaradıb...”.

Təqdim olunan Qarabağ xalçasının mərkəzində qızılgül təsvirləri verilib.

Muzeyə bağışlanan digər əşya isə bir əsrdən artıq yaşı olan məfrəşdir. S.Həsənov bu toxuculuq məmulatından yaylaq-qışlaq köçləri zamanı sandıq kimi istifadə etdiklərini deyib.