Qazax Dövlət Dram Teatrı yeni mövsümün açılışını 12 sentyabrda Əli Əmirlinin “Onun iki qabırğası” məişət komediyası ilə açacaq. Tamaşaya teatrın baş rejissoru Əməkdar artist Musa Eyyubov quruluş verib.

Musa Eyyubov yazıçı-dramaturq Əli Əmirlinin “Şəhid atası” pyesinə də səhnə həyatı verəcək. İlk nümayiş Zəfər Günü – noyabrın 8-də olacaq.

Bundan əlavə, teatrın repertuar planına uyğun olaraq, Qilyermo Fiqeredonun “Ezop” əsərinin məşqlərinə başlanılıb. Əməkdar artist Xəzər Gəncəlinin quruluşunda hazırlanan tamaşanın premyerası dekabr ayına nəzərdə tutulub.

Qazax teatrı Mədəniyyət Nazirliyinin təşkil edəcəyi növbəti Monotamaşalar festivalına da hazırlaşır. Festival üçün Semuel Bekketin “Sözsüz əməl” pyesi əsasında “Səmirsiz” tamaşası hazırlanıb. Səhnə əsərinə Akademik  Rus Dram Teatrından dəvət olunmuş rejissor Abdulla Elşadlı quruluş verib.

Teatrın Türkiyənin Ankara şəhərində oktyabr ayında keçiriləcək beynəlxalq festivalda “Love butik” tamaşası ilə iştirakı da gözlənilir.

***

Füzuli Dövlət Dram Teatrı 35-ci mövsümünü sentyabrın 20-də “Adsız” tamaşası ilə açacaq. Yazıçı-dramaturq Firuz Mustafanın eyniadlı pyesi əsasında hazırlanan tamaşaya teatrın baş rejissoru Əməkdar artist Asif Şirinov quruluş verib. Quruluşçu rəssam Ellinaz Balaşova, musiqi tərtibatçısı Sənan Sevindikzadədir.

Əlilliyi olan gəncin cəmiyyətə münasibəti və ümumilikdə həssas qrupdan olan insanların duyğu-düşüncələrindən bəhs edən tamaşanın ideyası insanların günahı kənarda deyil, öz içində axtarmasıdır.

Rolları Vüqar Babayev, Xurşud Babayeva, İntizar Quliyeva, Qaçaq Qarayev, Əli Hüseynov ifa edirlər.

Sənət ocağında Xalq yazıçısı Kamal Abdullanın “Bir, iki-bizimki!” pyesi əsasında tamaşa da hazırlanır. Səhnə işinin quruluşçu rejissoru Nicat Mirzə, rəssamı E.Balaşova, musiqi tərtibatçısı Ziyad Süleymanovdur.

Nəcəf bəy Vəzirovun “Ağa Kərim xan Ərdəbili” əsəri də ilin sonunadək tamaşaçıların qarşısına çıxacaq. Tamaşaya A.Şirinov quruluş verir. Quruluşçu rəssam E.Balaşova, musiqi tərtibatçısı Z.Süleymanovdur.