Bir aktyorla baş tutmayan müsahibənin təəssüratı

 

Söz vaxtına çəkər. Ötən ilin bu vaxtları idi.  Azərbaycan Teatr Xadimləri İttifaqı (ATXİ) və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə həyata keçirilən “Qonaq teatr” layihəsi  çərçivəsində Qazax Dövlət Dram Teatrının təmsilçiləri paytaxta gəlmişdilər. Onlar ATXİ-nin səhnəsində həm 85 illik yubileylərini qeyd etdilər, həm də “İnan mənə” adlı yeni tamaşa (müəllif Ağalar İdrisoğlu) ilə izləyicilərin qarşısına çıxdılar.

Tamaşanın mövzusu da, təqdimat üsulu da, aktyorların oyun tərzi də bizi keçmişə – sovet rejiminin dağıldığı, ölkədə hərc-mərcliyin baş alıb getdiyi vaxta aparırdı. Qanunları heçə sayan əsas obrazlardan birini də o oynayırdı – Qazax teatrının fədaisi Aydın Orucov.

Həmin gün həm də təltif oluncaqdı. 60 illik yubileyini Bakı səhnəsində, teatr biliciləri qarşısında keçirirdi.

Professor Əmirov rolunu oynayan yubilyar səhnədə xeyli gümrah idi. Bir gözü də zalda. Sanki kimisə axtarır, tamaşaçıların münasibətini özü üçün ayırd etməyə çalışırdı.

Tamaşa bitdi və sürəkli alqışlar altında heyət səhnədə sıralandı. Teatr adamlarına zamanında dəyər verən ATXİ-nin rəhbərliyi Aydın Orucovu 60 illik yubileyi münasibətilə fəxri fərmanla təltif etdi.

Fərmanı və qırmızı gül dəstəsini sinəsinə sıxıb təzim edən bəyaz geyimli aktyor həmin gecə səhnədə bir işıq kimi yanırdı...

***

Onunla maraqlı bir söhbət etmək fikrim vardı. Təəssüf ki, üzücü xəbər sosial şəbəkələrdə boy verdi: “Sentyabrın 4-də Qazax Dövlət Dram Teatrının aktyoru, bir-birindən fərqli rolların mahir ifaçısı Aydın Orucov qəfil dünyasını dəyişib”.

Sevimli məkanında – teatrda olan aktyor məşq prosesi gedən tamaşalarda məşğul idi. Ümumiyyətlə, o, Qazax teatrının 36 illik tarixində, demək olar ki, bütün tamaşalarda oynayıb. 60 yaşını səssiz-səmirsiz yola salan aktyor yeni mövsümə də böyük sevgi ilə hazırlaşırdı.

Sənətə, səhnəyə hələ uşaqlıqdan bağlanan Aydın Orucov 1963-cü il avqustun 22-də Qazax rayonunda anadan olub. 1970–80-ci illərdə orta təhsil alıb. Hərbi xidmətdən qayıtdıqdan sonra 1984-cü ildə Gəncə Baza İnşaat Texnikumuna daxil olub və 1986-cı ildə həmin təhsil ocağını başa vurub.

Amma səhnə sevgisi, bu ecazkar aləm onu təhsil istiqamətinin ardınca getməyə imkan verməyib. Hələ orta məktəbdə oxuduğu illərdə Qazax Xalq teatrında həvəskar aktyor kimi çalışdığından bu sənətdən qopa bilməyib. Beləcə, Qazaxda Dövlət Dram Teatrı bərpa olunanda, 1988-ci ildə burada aktyor kimi işə başlayıb və son nəfəsinədək sənət ünvanını dəyişməyib.

Aktyorun illər əvvəl özü haqqında dediklərini bu gün yenidən xatırlamaq yerinə düşər: “1978-ci ildən 1988-ci ilə kimi mən Xalq teatrının  həvəskar aktyoru  oldum. Bu illərdə  Azərbaycan Dövlət İncəsənət İnstitutunun (indiki ADMİU – red.) məzunları Gülgün Kərimovun və Musa Eyyubovun rejissorluğu ilə müxtəlif tamaşalarda çıxış etdim. Nəhayət, 1988-ci ildə Qazaxda Dövlət Dram Teatrı bərpa olundu. Teatra ilk dəvət olunanlardan biri də mən oldum. Bu teatrda, demək olar ki, oynadığım rolların əksəriyyəti baş rollar olub. Qazax Dövlət Dram Teatrında ilk işimiz Xalq artisti Zülfüqar Abbasovun rejissorluğu ilə Xalq şairi Bəxtiyar Vahabzadənin “Dar ağacı” tarixi faciəsi oldu. Mən Altay rolunu oynadım. Sonralar irili-xırdalı bir çox tamaşada çıxış etdim”.

Bu uzun illər ərzində o, teatrın səhnəsində oynanılan Mehdi Hüseynin “İntizar”ında Ələskər, “Alov”unda Fərman, Ramiq  Muxtarın “Şəhərli kürəkən”ində Vaxtanq, İsgəndər  Çosqunun “Ana laylası”nda  Musa, Nəcəf bəy Vəzirovun “Yağışdan çıxdıq, yağmura düşdük” tamaşasında Qıdı kirvə, Əbdürrəhim bəy Haqverdiyevin “Yeyərsən  qaz ətini, görərsən ləzzətini” əsərində Məşədi, “Bəxtsiz cavan”ında Hacı Səməd, Abdulla Şaiqin “Fitnə”sində Təlxək, Vaqif Səmədoğlunun “İntihar”ında Professor Samson, Elçinin “Cəhənəm sakinləri”ndə Qonaq, Əhməd  Orucoğlunun “Sonuncu seriya”sında Kazım, “Pul dəlisi”ndə Qulam, Viktor Hüqonun “Edam məhkumu”nda  Məhbus, Səməd Vurğunun “Vaqif”ində Eldar, Əli Səmədlinin “Ölüm hökmü”ndə Alverçi, Mirzə Fətəli Axundzadənin “Molla İbrahimxəlil kimyagər”ində Kimyagər, Elçin Hüseynbəylinin “İmperator”unda Kişi və s. – ümumilikdə, yüzdən çox tamaşada rol alıb. Bunlardan əlavə, bir neçə qısametrajlı filmə çəkilib.

Onun yaradıcılıq tərcümeyi-halına nəzər saldıqda, xarakterik rollar ifaçısı olmaqla yanaşı, həm də əsl fədai ömrü yaşadığı aydın sezilir.

Aydın Orucov şan-şöhrətsiz sadə aktyor ömrü yaşadı və bu etibarsız dediyimiz dünyadan bir gün qəfil küləyə tablaşmayan payız yarpağı kimi qopub düşdü. Oynadığı rollarını onu tanıyanlara, səhnədə izləyənlərə xatirə qoyub getdi...

Bilmirəm niyə, amma aktyorlar dünyasını dəyişəndə mən lap çarəsizləşirəm. Elə bilirəm ki, ifaçısını itirən bu rollar anası qəfil ölən balaca uşaqlar kimi pərən-pərən düşürlər və heç bir qucaqda valideyn hərarətini tapa bilmirlər. Təsadüfi deyil ki, o da bütün həmkarları kimi rolları arasında ayrı-seçkilik etməz, “Elə bil övladlarımdılar. Adam heç övladları arasında fərq qoyarmı?” deyib gülərmiş...

Allah rəhmət eləsin.

Həmidə Nizamiqızı