“Şir”lər kimlərə qismət oldu?

 

30 avqust – 7 sentyabr tarixlərində keçirilən 81-ci Venesiya Beynəlxalq Film Festivalının əsas mükafatını rejissor Pedro Almodovar qazanıb. “Ən yaxşı film” nominasiyasında “Qızıl şir” mükafatı ispan rejissorun ilk ingilisdilli ekran işi olan “Qonşu otaq” filminə verilib.

Filmdə baş rollarda Tilda Svinton və Culian Mur çəkiliblər. Süjetə görə, İnqrid və Marta cavan vaxtı yaxın dost olublar. Sonradan onların yolları ayrılıb: biri məşhur yazıçı, digəri isə müharibə jurnalisti olub. Uzun illər sonra qadınlar kədərli şəraitdə yenidən bir araya gəlirlər.

Festivalın əsas müsabiqə proqramında ümumilikdə 21 film nümayiş olunub. Filmləri fransız aktrisa İzabel Uppertin (Isabelle  Huppert) rəhbərlik etdiyi münsiflər heyəti dəyərləndirib.

“Gümüş şir” (ən yaxşı rejissor işi) mükafatına italyan rejissor Mauro Delperonun “Dağ gəlini” filmi layiq görülüb.

Ən yaxşı ssenariyə görə braziliyalı rejissor Valter Sallesin “Mən hələ burdayam” filmi (ssenari müəllifləri Murilo Hauzer və Eytor Loreqa) təltif olunub.

Ən yaxşı aktyor fransız sənətçi Vensan Lindon (“Sakit yuxu” filmi, rejissorlar Delfin və Müriel Kulenlər), ən yaxşı aktrisa isə ABŞ-Avstraliya kinoulduzu Nikol Kidman (“Qızcığaz” (“Babygirl”) filmi, rejissor Halina Reyn) seçilib.

Hollivud ulduzu Ancelina Colinin baş rolu ifa etdiyi “Mariya” filmi festivalda seyrçilər tərəfindən 8 dəqiqə ayaq üstə alqışlansa da, münsiflərin diqqətini çəkməyib. Ekran əsəri məşhur opera müğənnisi Mariya Kallasın həyatından bəhs edir. Filmdə Ancelina Colinin tərəf-müqabili tanınmış türk aktyoru Haluk Bilginer (yunan milyarder Aristotel Onassis rolunda) olub.

“Qızıl şir” uğrunda yarışmanın favoritləri arasında görünən Todd Fillipsin “Joker 2: İki nəfər üçün dəlilik” musiqili-psixoloji trilleri (amerikalı rejissorun 2019-cu ildə ekrana çıxan “Joker” filminin davamı) də mükafatsız qalıb.

Festivalın əsas müsabiqə proqramında yer alan gürcü rejissor Dea Kulumbeqaşvilinin “Aprel” filmi isə jürinin xüsusi mükafatına layiq görülüb.

 Kinematoqrafiyaya töhfələrinə görə fəxri “Qızıl şir” mükafatı ilə isə bu il amerikalı aktrisa Siqurni Uiver və avstraliyalı rejissor Piter Uir təltif olunublar.

Festivalın əsas müsabiqə proqramından əlavə, ənənəvi “Horizontlar” proqramında da filmlər mükafatlandırlıb. Mükafatçılar arasında türkiyəli rejissor Murad Firatoğlu da var.

V.Kamal