Teatrşünas Cəfər Cəfərovun 110 illiyi qeyd olunub
Masallı rayon Mərkəzi Kitabxanasında görkəmli sənətşünas, Əməkdar incəsənət xadimi, AMEA-nın müxbir üzvü Cəfər Cəfərovun (1914-1973) anadan olmasının 110 illiyi ilə əlaqədar “Mənalı yaşanan alim ömrü” adlı tədbir keçirilib.
Qeyd olunub ki, Cəfər Cəfərov ömrünü milli teatr tarixinin tədqiqinə həsr edib, bu sahədə qiymətli kitablar və məqalələr ərsəyə gətirib. O, 1955-ci ildə “Mirzə Fətəli Axundovun komediyaları” mövzusunda namizədlik (fəlsəfə doktorluğu), 1962-ci ildə Moskvada “Azərbaycan Dram Teatrı” mövzusunda sənətşünaslıq üzrə elmlər doktorluğu dissertasiyalarını müdafiə edib.
Alimin görkəmli dramaturq, aktyor və rejissorlarımız haqqında elmi əsərləri, tamaşalara yazdığı resenziyalar, dövrün teatr prosesini təhlilə çəkən, mükəmməl elmi mənzərəsini yaradan məqalələri, teatrın, sənətşünaslığın elmi-nəzəri problemləri barədə əsərləri bu gün də milli teatrşünaslığımızın qızıl fondunu təşkil edir.
Mədəniyyət nazirinin müavini və digər məsul vəzifələrdə çalışan Cəfər Cəfərov 1973-cü ildə Bakıda vəfat edib.