Sentyabrın 8-dən 10-dək Qazaxıstanın Almatı şəhərində Avrasiya Dağ Kurortları Alyansına üzv dövlətlərin dağ kurortlarının sammiti keçirilib. “Oy Karaqay” Dağ Kurortunda keçirilən tədbirdə Azərbaycanı  “Şahdağ” Turizm Mərkəzi təmsil edib.

Mərkəzin sədri Rüstəm Nəcəfov turizm kompleksinin potensialı, həyata keçirilən yeniliklər və infrastruktur işləri, eləcə də qış mövsümü çərçivəsində nəzərdə tutulan beynəlxalq tədbirlər və yarışlar haqqında sammit iştirakçılarına məlumat verib.

Sammit çərçivəsində Almatı Dağ Klasteri yaradılıb, həmçinin Cənubi Koreyanın “Mono YongPyong” Dağ Kurortunun Avrasiya Dağ Kurortları Alyansına üzv olması haqqında qərar qəbul edilib.

Avrasiya Dağ Kurortları Alyansı 2023-cü ildə təsis edilib. Alyansa Rusiyanın “Roza Xutor”, Qazaxıstanın “Şımbulak”, Özbəkistanın “Əmirsoy” dağ kurortları və “Şahdağ” Turizm Mərkəzi daxildir. Bu il isə Qazaxıstanın “Oy Karaqay” və Koreyanın “Mono YongPyong” dağ kurortları da üzv qəbul olunub.