Xəbər verdiyimiz kimi, 6-11 sentyabr tarixlərində Tatarıstanın (RF) Kazan şəhərində XX “Qızıl minbər” Beynəlxalq Film Festivalı keçirilir.

Bu il festivalın beynəlxalq müsabiqə proqramında “Tammetrajlı bədii film”, “Qısametrajlı bədii film”, “Sənədli filmlər” və “Animasiya filmləri” bölmələri üzrə 27 ölkədən ümumilikdə 40 film yer alıb.

Festival üçün seçilmiş bütün filmlər sülhpərvərlik, humanizm ideyaları daşıyan mənəvi-əxlaqi dəyərləri və mədəni ənənələri əks etdirir. “Altın minbər”ın açılışında İran rejissoru Babək Hacıpaşanın “Ağacın ağuşunda” filmi nümayiş olunacaq.

Azərbaycanlı rejissor Əli-Səttar Quliyevin “Stadionlar səssiz olanda” sənədli filmi də festivalın proqramında yer alıb. Film “Qarabağ” futbol klubunun baş məşqçisi Qurban Qurbanova həsr olunub. Ekran əsərində mütəxəssisin XX əsrin 80-ci illərindən başlayaraq həyatı, futbolçu karyerası və Ağdam klubu ilə məşqçilik fəaliyyəti göstərilib.

Rusiya Federasiyası Mədəniyyət Nazirliyinin dəstəklədiyi kino layihələri siyahısına daxil olan “Altın minbər” festivalı “Mədəniyyətlərin dialoqundan dialoq mədəniyyətinə” devizi altında 2005-ci ildən keçirilir.