Xəbər verdiyimiz kimi, 8-13 sentyabr tarixlərində Qazaxıstanın paytaxtı Astanada V Dünya Köçəri Oyunları keçirilir.

Oyunların açılış mərasimində gənclər və idman naziri Fərid Qayıbovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti də iştirak edib. Nazir səfər çərçivəsində Dünya Etnosport Federasiyasının prezidenti Bilal Ərdoğan, Rusiya Federasiyasının idman naziri Mixail Deqtyarev və Qazaxıstanın turizm və idman naziri Yerbol Mirzabosinov ilə görüşlər keçirib.

89 ölkənin təmsil olunduğu, idman, incəsənət, ənənəvi xalq oyunlarının bir arada təqdim edildiyi yarışlarda Azərbaycandan 8 idman növü (qazaq güləşi, manqala, aba, koreş, mas-reslinq, kuraş, alış, ənənəvi oxatma) üzrə 54 idmançı iştirak edir.

“Kazanat” yarış meydançası yaxınlığında keçirilən tədbirlə bağlı təxminən 10 hektar ərazidə “Köçərilər dünyası” etnoaulu (etnokənd) qurulub. Etnoaulda mərkəzi meydan, xalq musiqisi üçün çadır, açıq səma altında “Köçəri sivilizasiyalar muzeyi”, idman tədbirləri, milli mətbəx, əsas səhnə və s. məkanlar var.

V Dünya Köçəri Oyunlarında ümumilikdə 21 idman növü üzrə yarışlar keçirilir.

Xatırladaq ki, Dünya Köçəri Oyunları ilk dəfə Qırğızıstanın təşəbbüsü ilə 2014-cü ildə keçirilib. Qırğızıstan 2016-cı və 2018-ci illərdə (Çolpon-Ata şəhəri) növbəti Dünya Köçəri Oyunlarına ev sahibliyi edib. Bundan sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Dünya Köçəri Oyunlarının təşkilati coğrafiyasını genişləndirməyə və bu tədbiri qəbul etməyə hazır olduqlarını bildirib. 2020-ci ilə nəzərdə tutulan, lakin pandemiya səbəbindən ertələnən IV Dünya Köçəri Oyunları 2022-ci ildə Bursanın İznik bölgəsində təşkil olunub.

Qazaxıstanın ev sahibliyi etdiyi V Dünya Köçəri Oyunlarının proqramı çox zəngindir. Oyunlarda təkcə idman yarışları deyil, eyni zamanda dünyanın 5 qitəsindən gələn sənətkarlar, idmançılar, mədəniyyət və incəsənət xadimləri də öz bilik və bacarıqlarını, məharətlərini nümayiş etdirirlər.

Oyunlar çərçivəsində 10-11 sentyabr tarixlərində “Köçərilər: tarix, bilgi və dərslər” adlı beynəlxalq elmi konfrans da keçirilir. Qazaxıstan Respublikasının Milli Muzeyində təşkil olunan konfransda Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Belarus, Çin, Böyük Britaniya, Cənubi Koreya, ABŞ və Fransadan 70-dən çox alim və mütəxəssis iştirak edir.

“Tarix və mədəniyyət”, “Türklərin ümumi irsi”, “Mərkəzi Asiya köçərilərinin qidaları”, “Ənənəvi köçəri musiqiləri”, “Böyük Çölün qadınları” və digər maraqlı mövzular ətrafında mühazirələr dinlənilir.

Konfransda çıxış edən Türk Mədəniyyəti və İrsi Fondunun (Bakıda yerləşir) prezidenti Aktotı Raimkulova rəhbərlik etdiyi qurumun fəaliyyətindən söz açıb, ümumi türk mədəniyyətinin daha da inkişaf etməsi üçün birlikdə görəcəkləri işlər barədə fikirlərini bölüşüb.

Amerikalı alim, 3D İnstitutunun direktoru Mark Hall Mərkəzi Asiyadakı köçəri xalqların mədəniyyətinin Amerikada yaşayan xalqların mədəniyyətinə oxşar olduğunu, çöl mədəniyyətinə sahib insanların azadlıq ruhunun bir-birinə yaxınlığını söyləyib.

Azərbaycanın qocaman diplomatı, tarix elmləri doktoru Həsən Həsənov “Qədim Azərbaycanın dövlət quruluşu modeli Türk sivilizasiyasının əsasıdır” mövzulu məruzəsində Azərbaycanda bərqərar olan ilk dövlət quruluşundan, Oğuz xanın 6 oğlunun yaratdığı dövlətçilik modelindən bəhs edib.

Köçəri Oyunlarının əhəmiyyətini qeyd edən alimlər belə tədbirləri bütün insanlığa, bəşəriyyətə yeni sevgilər və həyat eşqi ötürməyin bir yolu olduğunu bildiriblər.