İnsan beyninin böyüyən hissələrinin daha tez qocaldığı müəyyən edilib. Düsseldorf Universitetindən olan tədqiqatçılar bildirib ki, beynin ən sürətlə genişlənən hissələri mürəkkəb vəzifələrə cavabdehdir. Bu, həmin sahələrin niyə daha tez köhnəldiyini və daraldığını izah edə bilər. Ancaq insan beyninin daha böyük hissələrinin niyə daha sürətli kiçilməsini izah etmək üçün daha çox araşdırmaya ehtiyac var.
“Science Advances” jurnalında dərc edilən araşdırmada iştirak etməyən ekspertlər də hesab ediblər ki, nəticələr daha çox iştirakçı ilə dəstəklənməlidir. London Universitet Kollecindən antropoloq Aida Qomez-Robles deyib: “İnsanların beyinində qocalmanın oxşar tədqiqatları çox vaxt minlərlə insanı əhatə edir. Nəticələr bu hissələrin bəzilərinə aiddir, lakin onların hamısına aid olub-olmadığını bilmirik. Həmin nəticələr qəti şəkildə təsdiqlənərsə, maraqlı bir vəziyyət ortaya çıxar – insanların sağqalma şansını artıran və daha uzun yaşamalarını təmin edən bölgələr ilk yaşlanan hissələrdir. Yaş irəlilədikcə ortaya çıxan bəzi problemlər təkamülün həm üstünlük, həm də mənfi cəhətlər gətirməsinin nəticəsi ola bilər”.
Bu arada kanadalı alimlər insanların səs qeydlərindən istifadə edərək yüksək qan təzyiqi – hipertoniyanı təsbit edə bilən süni intellektə əsaslanan üsul tapdıqlarını açıqlayıblar.
Kanadada “Klick Labs” tərəfindən aparılan araşdırmada iştirak edən 245 nəfərdən alimlərin hazırladığı mobil proqramda 2 həftə ərzində gündə 6 dəfə səslərini qeyd etmələri istənilib. Tədqiqatçılar yüzlərlə səs biomarkerini təhlil etmək üçün süni intellekt alqoritmlərindən istifadə ediblər. Bildirilib ki, mobil tətbiq hipertoniyanı qadınlarda 84 faizə, kişilərdə isə 77 faizə qədər dəqiqliklə müəyyən edir.
Tədqiqatın aparıcı müəllifi Yan Fossat bildirib: “Biz hipertoniyanı aşkarlamaq üçün daha əlçatan bir üsul kəşf etdik. Ümid edirik ki, texnika bu ümumi qlobal sağlamlıq probleminə daha tez müdaxilə etməyə imkan verəcək”.