Məşhur amerikalı müğənni Teylor Svift (Taylor Swift) ABŞ-də davam edən prezident seçkiləri kampaniyasına əlavə gərginlik qatıb. Milyonlarla pərəstişkarı olan sənətçi siyasi simpatiyasını açıq bəyan etməklə seçkilərə mümkün təsiri ilə bağlı aylardır sürən fərziyyələrə o özü aydınlıq gətirib.
Teylor Svift demokratların namizədi Kamala Harrisə səs verəcəyi ilə bağlı sentyabrın 11-də paylaşım edib. Müğənninin respublikaçı namizəd Donald Tramp və Kamala Harris arasında ilk teledebatdan dərhal sonra belə açıqlama verməsi maraq doğurur. Bir çox ekspertlərə görə, teledebatda Harris Trampdan üstün olub.
Əslində, Teylor Sviftin demokratların tərəfində olduğu əvvəldən bəlli idi. İndi müşahidəçilər onun mövqeyini açıq bildirməsinin seçki yarışında necə rezonans doğuracağı barədə mülahizələr yürüdürlər. Hərçənd müğənni pərəstişkarlar ordusuna hələ bu barədə çağırış etməyib. Onun bu addımı atacağı təqdirdə Amerika cəmiyyətindəki Tramp tərəfdarları arasında xeyli pərəstişkar itirəcəyi, hətta bir çoxunun qəzəbinə tuş gələcəyi də yəqindir.
Ulduz sənətçinin açıqlamasına Trampın cavabı da gecikməyib. O deyib ki, Taylor Svift üçün demokratların namizədi Kamala Harrisi dəstəkləməsi ona baha başa gələ bilər. “Mən onun pərəstişkarı deyildim. Bildiyimə görə, o, həmişə demokratları dəstəkləyib və çox güman ki, musiqi biznesində bunun əvəzini ödəməli olacaq”, – deyə Tramp bildirib.
Bu arada amerikalı müğənni “The Eras Tour” konsertlərinin sonuncu – beşinci mərhələsinə hazırlaşır. 2023-cü ilin martında ABŞ-də start götürən “The Eras Tour”a ümumilikdə 152 konsert daxildir və bu, dünya musiqi və şou-biznes tarixində ən genişmiqyaslı konsert turudur. 2023-cü il 60 konsertdən əldə olunan gəlir 1 milyard dolları aşıb və Teylor Sviftin komandası bununla ona qədər dünya rekordçusu olmuş Elton Conu geridə qoyub. Müğənninin əsasən stadionlarda keçirilən konsertlərinə orta hesabla 50-60 min tamaşaçı gəlir.
2023-cü ilin yaz-payızında Şimali Amerika və Latın Amerikasında konsertlər verən Teylor Svift sonra turu bu ilin fevral-mart aylarında Asiya və Avstraliyada, yay aylarında isə Avropada davam etdirib. Turun sonuncu mərhələsi bu ilin oktyabr-dekabrında Şimali Amerikada olacaq.
Müğənninin dünya turunda yüzlərlə insan çalışır. “The Eras Tour” konsertlərinin onun komandasına ümumilikdə 2 milyard dollaradək gəlir gətirəcəyi gözlənilir. Dünya üzrə zənginlərin varidatını hesablayan “Forbes”in məlumatına görə, 34 yaşlı Teylor Svift 2024-cü ildə “milyarderlər klubu”na daxil olub.
V.Kamal