Türkiyədən qaçaqmalçılıq yolu ilə aparılan və uzun illər ABŞ-nin Boston şəhərindəki İncəsənət Muzeyində sərgilənən Lidiya dövrünə (e.ə. XII-VI əsrlər) aid qızıl boyunbağı geri qaytarılıb.

Türkiyənin Bostondakı Baş Konsulluğunda təşkil edilən mərasimdə boyunbağı qardaş ölkənin rəsmilərinə təhvil verilib. Tədbirdə Türkiyənin baş konsulu Murat Uğurluoğlu, Türkiyə səfirliyinin Nyu-Yorkdakı mədəniyyət və tanıtma attaşesi Hilal Dəmirəl, Boston İncəsənət Muzeyinin rəhbərliyi iştirak ediblər.

Hilal Dəmirəl bildirib ki, boyunbağı 1982-ci ildə Manisanın Mintəpələr bölgəsindən ABŞ-yə aparılıb. 20 santimetr uzunluğu olan boyunbağı karneli daşlarından hazırlanmış nar formalı muncuqlardan ibarətdir. Qeyd olunub ki, Lidiya dövrü incəsənətinin xarakterik xüsusiyyətlərini daşıyan boyunbağı yaxşı qorunub saxlanılıb. Manisa bölgəsinin Mintəpələr nekropolu ərazisindən əldə edilmiş digər əsərlərə bənzəyir.

Qızıl boyunbağının bölgə üçün tarixi-mədəni əhəmiyyətinə toxunan H.Dəmirəl deyib: “Bu əsərin geri qaytarılması həm arxeoloji tədqiqatların inkişafı, həm də mədəni irsimizin qorunması baxımından mühüm addımdır”.

Fariz