Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Vilyam Şekspirin əsərinin motivləri əsasında hazırlanan “Ledi Maqbet” tamaşasının məşqlərinə başlanılıb.
Teatrdan bildirilib ki, səhnə əsəri Xalq artisti Bəsti Cəfərovanın yubileyi münasibətilə benefis tamaşa olacaq.
Akademik Milli Dram Teatrının bədii rəhbəri Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə tamaşanın yaradıcı heyəti ilə görüşüb, yeni işdə kollektivə uğurlar arzu edib.
Tamaşaya Əməkdar artist Nicat Kazımov quruluş verəcək. Quruluşçu rəssam Samirə Həsənova, bəstəkar Azər Hacıəsgərli, rejissor assistenti Ceyran Başarandır. Rəqslərin quruluşu isə Lalə Hacıyevaya həvalə olunub.
“Ledi Maqbet”də rolları Xalq artistləri Bəsti Cəfərova, Sabir Məmmədov, Kazım Abdullayev, Əməkdar artistlər Elşən Rüstəmov, Məsmə Aslanqızı, Aslan Şirin, Elşən Cəbrayılov, Mətləb Abdullayev, Elnar Qarayev və aktyorlar Elnur Qədirov, İlahə Həsənova, İlyas Əhmədov, Vüsal Mustafayev, Xədicə Novruzlu və digərləri ifa edəcəklər.
Tamaşanın ilin sonunadək teatrsevərlərə təqdim olunması nəzərdə tutulub.